Əsas məsələ bir yol seçmək deyil, əsas məsələ doğru yol seçməkdir. Bəs seçdiyimiz yolun doğru olduğunu necə bilmək olar? Təəssüflər olsun ki, bu gün narkotik vasitələri satan da, quran satan da özünə bəraət qazandırmaq istəyir. Kimin səhv, kimin doğru olduğunu isə yalnız kütlə, xalq daha dəqiq deyə bilər. Digər tərəfdən xalqın dərdini öz dərdi, sevincini öz sevinci sanan bir insan xalq adından fikir bildirə bilər məncə. Bu səbəbdən xalqla bağlı atılan addımların, gedilən yolların doğru və ya səhv olduqları barədə düşünməyə əsasım var. Amma onu da bilirəm ki, düşünmək azın yarsıdır.
Bir gün bir kişi 8 il işləyib yığdığı pullara gedib bazardan eşşək alır. Səhəri gün durub görür ki, əlli manata aldığı eşşək ölüb. Başına döyə-döyə ağlamağa başlayır. Səsinə qonşusu Bədərbəy kişi gəlir. Soruşur ay qonşu nə olub, niyə belə ağlayırsan? Bütün var-dövləti olan eşşəyini itirmiş kişi cavab verir ki, bəs eşşəyim ölüb. Bədərbəy kişi biraz düşünür və soruşur: eşşəyini neçəyə almışdın? Qonşusu əlli manata deyir. Bədərbəy kişi cibindən əlli manat çıxarıb qonşusuna uzadır və deyir ki, eşşəyini alıram. Eşşəyi ölən kişi gözlərini silib təəccüblə Bədərbəyə baxır və pulu alıb əli ilə ölü eşşəyin yerini göstərir. Bədərbəy kişi ölü eşşəyi sürüyüb aparır öz evinə və gedib bazara elan verir ki, 2 manata lotoreya satıram, qalibə eşşək verəcəm. Sonra 100 lotoreya satır. Axırda bir nəfər qalib olur. Qalibi gətirir ölü eşşəyin yanına Bədərbəy kişi. Al, bu da sənin eşşəyin deyir. Qalib narazılıq etdikdə 2 manatını qaytarır və bu gedişlə 148 manat qazanmış olur Bədərbəy kişi. İndi heç kim deyə bilməz ki, Bədərbəy kişinin seçdiyi bu yol düzgün və ya səhvdir. Bir tərəfdən bütün varını itirmiş insana kömək edir, digər tərəfdən insanları aldadır.
Bu gün çox insan Bədərbəy kişinin yolunu davam etdirir. Nə özü, nə qonşusu, nə də xalq bilmir ki, bu yol səhvdir, ya da doğru.
Sizlər bir düşünün, əgər Bədərbəy kişi ölü eşşək üçün 148 manat qazanırsa, biz niyə qara qızılımızı su qiymətinə satmalıyıq? Biz bir insana dəstək olmaqla, yüz insanı aldada bilərik. Bununla özümüzü də aldatmış oluruq? Əgər Bədərbəy kişinin qonşusu diri eşşəyi 50 manata yox, 100 manata alsaydı bazardan, onda Bədərbəy kişi lotoreyanı 2 manata yox 4 manata satacaqdı. Bir də ki, eşşək də, lotoreya da Bədərbəy kişinindirsə ona heç kim deyə bilməz ki, sən bunu filan qiymətə yox, filan qiymətə sat. Öz malıdır özü bilər. Heç kimə məcbur lotoreya satmayıb ki?
Al-verdən danışmışkən, dünən məhləmizdə marketdən siqaret aldım və durub qalıq pulu gözləyirdim. Dayı üzümə baxıb gülümsədi və soruşdu: bilmirsən? Benzinin qiyməti qalxıb. Ona görə biz də hər şeyin qiymətin qaldırdıq.
Məni maraqlandıran odur ki, niyə LD neftlə əlaqədar olmalıdır? Bəlkə də bunu bilməyə savadım çatmır. Bəlkə də fəlsəfə doktoru olandan sonra biləcəm. Bir məsələ də mənə çatmır. Bir tərəfdən əmək haqqları qaldırılır, digər tərəfdən ərzaqlar. Bu gedişlə 2035-ci ildə mən aylıq 35 000 manat əmək haqqı alacam, bir qutu siqareti isə 350 manata alıb çəkə biləcəm???
