Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Kamola Mahmudova təyin olunub.

AYİB verdiyi məlumata görə, Bu vəzifə ilə İvana Duarteni əvəzləyən K. Mahmudova Bankın ölkədəki investisiya və əməliyyatlarına nəzarət edən cavabdeh şəxs olacaq.

"Mən AYİB-in portfelində "yaşıl" keçid flaqmanı olmaq üçün tam potensiala malik Azərbaycan kimi ölkədə Bankın əməliyyatlarına rəhbərlik etməkdən məmnunluq duyuram. "Yaşıl" keçid hər bir ölkə üçün böyük çağırışdır və biz bu səylərin həyata keçirilməsi istiqamətində Azərbaycana kömək edə bilərik. Məqsədimiz özəl sektora prioritet verilməklə, uzunmüddətli və səmərəli maliyyənin təmin edilməsindən ibarətdir", - deyə xanım Mahmudova bildirib.

Özbəkistan və Böyük Britaniya vətəndaşı olan K. Mahmudova bundan əvvəl AYİB-in Ticarətin Asanlaşdırılması Proqramı"nda (TAP) rəhbər vəzifələrdə çalışıb. Xanım Mahmudova 2009-cu ildən Bankın Yaxın Şərq, Şimali Afrika və Kipr regionlarında genişlənməsinə rəhbərlik edərək qlobal missiyanı yerinə yetirmişdir. O, ticarətin maliyyələşdirilməsinin inkişafı, uyğunluq və müxbir bankçılığın rəqəmsallaşdırılması istiqamətində Beynəlxalq Ticarət Palatası, Dünya Ticarət Təşkilatı və Beynəlxalq Valyuta Fondu ilə siyasətlərin müəyyən olunması üzrə dialoqlarda aparıcı rol oynayıb.

K. Mahmudova karyerasına "ABN AMRO Bank"-da başlamış, daha sonra "Sumitomo Mitsui Bank Korporasiyası"na keçərək korporativ bankçılıq sahəsində çalışıb. Onun dövlət və özəl sektorda geniş bankçılıq və infrastruktur təcrübəsi ilə yanaşı, kompleks strategiya və əsas donorların idarə edilməsi istiqamətində dərin bilikləri də mövcuddur. TAP-ın rəqəmsallaşdırılması ilə bağlı fəaliyyəti sayəsində AYİB çox uğurlu, beynəlxalq səviyyədə akkreditasiya olunmuş Ticarətin Maliyyələşdirilməsi Elektron Təhsil Proqramının işlənib hazırlanması mümkün olub. 9 mindən çox tələbəyə malik olan bu proqram ticarətin maliyyələşdirilməsi sahəsində dünyada ən böyük təlim proqramıdır.

2021-ci ilin avqustun 31-nə AYİB-in Azərbaycandakı aktiv portfelinin həcmi 35 layihə üzrə 1,132 mlrd. avro (ödənilməmiş öhdəliklər daxil olmaqla) təşkil edib.

AYİB bu günədək Azərbaycana 3,172 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 85,1%-i (2,698 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənib. Ümumi investisiyaların 22%-i özəl sektorun payına düşüb.

Xatırladaq ki, təkcə 2020-ci ildə bank Azərbaycana 6 layihə üzrə 17 mln. avro həcmində investisiya yatırıb. Ayrılan vəsaitin həcmi 2019-cu il ilə müqayisədə dəyişməyib, lakin layihələrin sayı 5-dən 6-ya yüksəlib.

.