
Əməkdar artist Aybəniz Haşımova aktrisa Məlahət Abbasova ilə bağlı ölkə prezidentinə müraciət edib.
"Qafqazinfo”nun məlumatına görə, əməkdar artist prezidentə müraciətində Abbasovaya xalq artisti adının verilməsini istəyib:
"Səninlə Fəxr edir Vətən Məlahət Abbasova!
Azərbaycan hər zaman dəyərli övladları ilə fəxr edib. Fəxrimiz,dəyərlimiz, xalqın əsl xalq artisti zirvəsində dayanan, əsl sənətkar xanım Məlahət Abbasova!
Uzun illərdir ki, artıq qardaş ölkədən, ölkəmizin mədəniyyətinə, yorulmadan xidmət edir. Azərbaycanın ölməz əsərləri məhz ilk dəfə Məlahət xanım tərəfindən Türkiyə səhnəsində gerçəkləşib. Onun ilk işi, B.Vahabzadənin "İkinci səs” əsəri, Həsən Həsənovun "Brukseldən məktublar”, Elçinin "Qatil”, Şekspir və Arilar arasinda əsərlərini repertuarına salmış, səhnələşdirmiş və bu uğurlu nəticədən sonra əsərlər yeddi mükafa layiq görülmüşdür. Hazırda isə Elçinin "Teleskop” əsərinin üzərində çalışır. Ən son çalışması isə Hüseyn Cavidin "İblis” əsərinin bədii şuraya verilməsi və qəbul olunduqdan sonra ən böyük arzusu rejissor kimi bu əsəri səhnəyə qoymaqdır. Gələcək planları Cəlil Məmmədquluzadənin iki ölməz əsəri "Ölülər” və "Dəli yığıncağı”dır.
Əslində içimdən səs deyir ki, bacım, qayıt gəl öz səhnəmizə, cünki sənin kimi yüksək sənətkarın burda olmaması ən azından çox böyük bir itkiyə səbəbdir. Amma düşünəndə ki, Məlahət xanımın sayəsində Türkiyənin ən böyük şəhər teatrında böyük yazarlarımızın əsərləri təqdim olunur, təbii ki, qürurvericidir. Mən Məlahət xanımı hələ yeniyetmə yaşlarımdan tanıyıram. Biz bərabər eyni filmdə işləmişik: Məlahət xanım aktrisa kimi adını kino tarixinə yazdırıb, mən isə onun obrazında səslənən dahi Tofiq Quliyevin əsərlərini dirijor skripkanin müşayiəti və Moskva sinfonik orkestr ilə ifa etmişəm. Əslində uzaq tarixdən bizə əl edən uğurlar, bu gün bizi çox xoşbəxt və üzümüzü ağ edir. Ən azından "biz də nə isə edə bilmişik xalqımız üçün" deməyə üzümüz var. Məlahət Abbasova canlı tarix və əfsanədir. O əfsanə ki, yalnız nağıllarda deyil, həm də bizim taleyimizdə və vətənimizdədir!
Məlahət Abbasova kimi dəyərli sənətkarları zamanında qiymətləndirməliyik. Onun kimi sənətkarların, xalqından tək bir istəyi var, o da sevgidir. Amma biz də o sevgiyə qarşılıq verməliyik axı. Mən inanıram ki, yaxın zamanda Məlahət xanım Abbasova ölkəmizin əziz prezidenti tərəfindən birbaşa xalq artisti kimi yüksək dövlət tituluna layiq görüləcək. Qoy qardaş Türkiyə də görsün ki, Məlahət xanım bizim üçün nə qədər gərəkli və dəyərlidir. Sonda əziz bacım, çox sevdiyim sənətkar Hüsey Cavidin "İblis” əsərini Türkiyə səhnəsində səhnələşdirmək məsələsini irəli sürdüyünə görə sənə sonsuz təşəkkür edirəm. Ruhu duaçin olsun”.
.