
Bu gün siyasi partiyaların Demokratiya və İnsan Hüquqları Mərkəzinin təşəbbüsü ilə "Azərbaycanda demokratiyanın vəziyyəti” mövzusunda konfrans keçirilib.
Yenizaman.az xəbər verir ki, Azərbaycan Demokrat Partiyasının (ADP) qərargahında baş tutan və "müxalifətin böyük toplantısı” kimi təqdim edilən konfransın müzakirə mövzusu Azərbaycanda demokratiyanın vəziyyəti olub.
Konfransda ADP sədri Sərdar Cəlaloğlu, Müsavat Partiyasının başqanı İsa Qəmbər, Müsavat başqanlığına namizəd Arif Hacılı, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev ziyalılar, QHT nümayəndələri, dini kəsimin nümayəndələri iştirak edib.
Yeni Azərbaycan Partiyası da konfransa dəvət edilsə də hakim partiyadan tədbirdə iştirak edən olmayıb. Konfransa YAP-dan Siyavuş Novruzov dəvət edilib. Lakin o, konfransa gəlməyib. AXCP də konfransa dəvət olunanlar sırasında olub. Lakin başda Əli Kərimli olmaqla AXCP-dən də heç kim konfransa qatılmayıb. Milli Şuranın sədri Cəmil Həsənli də konfransa dəvət edilənlər sırasında olub. Lakin o da konfransda iştirak etməyib. Vətəndaş Hərəkatı Partiyası da konfransda təmsil olunmayıb.
Konfransı Siyasi partiyaların Demokratiya və İnsan Hüquqları Mərkəzinin rəhbəri, KXCP sədri Mirmahmud Mirəlioğlu aparıb.
Müsavat başqanı İsa Qəmbər konfransdakı çıxışı zamanı ölkədəki demokratik vəziyyətdən danışıb. Ölkədəki demokratik vəziyyətlə bağlı fikirlərini bölüşən Müsavat başqanı bildirib ki, indi vəziyyət heç də ürəkaçan deyil. Son zamanlar QHT-lərin bank hesablarına həbs qoyulmasından, hüquq müdafiəçilərinin həbs edilməsindən danışan İ.Qəmbər hazırda hakimiyyətin yürütdüyü siyasətin yanlış olduğunu, demokratiyanın məhdudlaşdırıldığını bildirib.
Ölkədə demokratik vəziyyətin bərpa olunmasının hakimiyyətin dəyişməsi ilə mümkün olacağını deyən İ.Qəmbər bildirib ki, bəzi müxalifətçilər hakimiyyəti dəyişmək əvəzinə müxalifətin dəyişməsini vacib bilir.
Müsavat başqanı mərkəzin yaradılmasının vacibliyindən danışarkən qeyd edib ki, bir ay ərzində aparılan işlər nəticəsində bir çox siyasi partiyalara, təşkilatlara, ziyalılara müraciət edilib. İ.Qəmbər ölkədə demokratiyanın bərpa olunması üçün müxalifətin bir arada olmasının vacibliyini vurğulayıb.
Konfransda digər siyasi partiya rəhbərlərinin, QHT nümayəndələrinin də fikirləri dinlənilib.
.