Dekabrın 13-də AXCP və Müsavat Partiyalarının görüşü keçirilib. Görüş saat 15-də AXCP-nin qərargahında baş tutub. Müxbirimiz xəbər verir ki, görüş Müsavat Partiyası Divanının müxalifətdə olan siyasi qüvvələrlə məsləhətləşmələrə başlamaq barədə qərarına əsasən baş verib. Görüş qapalı keçirilib və iki saatdan çox davam edib. Görüşdə Müsavat Partiyasını başqan İsa Qəmbər, Məclis sədri Arzu Səmədbəyli, Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, başqan müavini Gülağa Aslanlı; AXCP-ni isə sədr Əli Kərimli, Ali Məclis sədri Həsən Kərimov, partiya sədrinin müavinləri Fuad Qəhrəmanlı, Gözəl Bayramlı və Nurəddin Məmmədli təmsil ediblər.
Görüşdən sonra ilk açıqlamanı Müsavat Partiyası başqanı verib: : "Biz Xalq Cəbhəsi rəhbərliyi ilə ölkədəki siyasi-ictimai durumu, Azərbaycanının Avrointeqrasiya dəyərlərini müzakirə etdik. Milli Şura və İctimai Palata haqqında fikir mübadiləsi aparıldı. Bütün bu birliklərin davamı kimi onu qeyd edə bilərəm ki, AXCP və Müsavat Partiyası arasında müttəfiqlik sazişinin bağlanması ilə bağlı təklif irəli sürdük. Düşünürük ki, bu qəbildən olan məsləhətləşmələr davam edəcək. Sonrakı görüşlərdə bütün təkliflər dəyərləndiriləcək. Sabah KXCP ilə saat 1-də görüşümüz olacaq. ”
Daha sonra AXCP sədri görüşlə bağlı jurnalistlərin bir neçə suallarını cavablandırdı: "Bu günkü görüşdə biz Müsavat Partiyası ilə siyasi-ictimai mövzuları, Milli Şuranın qarşıdakı mitinqini müzakirə etdik. İstənilən halda, AXCP ilə Müsavat Partiyasının məsləhətləşmələri pozitiv məsələdir. Bu günə qədər də vaxtaşırı məsləhətləşmələrimiz olub. Görüşdə Müsavat Partiyası müttəfiqlik sazişinin bağlanmasını təklif etdi. Bununla bağlı növbəti görüşlərimizdə qərar verəcəyik. ” Daha sonra AXCP sədri Müsavat Partiyasının Milli Şurada qalmasını arzuladıqlarını bildirdi: " Milli Şuraya bizim dəstəyimiz birmənalıdır. Biz hesab edirik ki, bundan sonra da Müsavat Partiyası Milli Şurada qalıb fəaliyyət göstərsə daha doğru olar. ”

***
15:38

AXCP Mətbuat Xidməti xəbər verir ki, bu saatlarda Müsavat partiyasının nümayəndə heyəti arasında görüş başlayıb.
Görüşdə AXCP-ni partiya sədri Əli Kərimli, partiyanın ali Məclisiin sədri Həsə Kərimov, sədr müavinləri Gözəl Bayramlı, Nurəddin Məmmədli, Fuad Qəhrəmanlı təmsil edir.
Müsavat tərəfdən görüşdə başqan İsa Qəmbər, Müsavat Məclisinin sədri Arzu Səmədbəyli, divan üzvləri Arif Hacılı və Gülağa Aslanlı iştirakçıdır. Görüş Müsavat partiyasının təşəbbüsü ilə keçirilir. Arif Hacılının bildirdiyinə görə Müsavat partiyası Divanının qərarına əsasən müxalifətdə olan siyasi qüvvələrlə məsləhətləşmə barədə qərar qəbul edib və bu qərardan irəli gələn ilk addımdır.
.