Kölgəyə çəkilmiş tanınmış cəbhəçi Milli Şura, Müsavat rəhbərliyi və Rauf Arifoğlu haqda elə gizlinləri açdı ki…
Hakimiyətdən pul kimin vasitəsilə alınır, neçə mandat vəd olunub, danışıqlarda kimlər iştirak edib?
Müsavat Partiyasının Milli Şuranı tərk etməsindən sonra bu partiya ilə AXCP arasında yaranmış qarşıdurma günlər keçdikcə daha da şiddətlənir. Tərəflər bir-birinə amansız zərbələr endirirlər. Əksər hallarda istər sosial şəbəkədəki, istərsə də qəzet və saytlardakı polemikalar, yazışmalar təhqirlərlə müşaiyyət olunur.
Dünən isə "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu AXCP sədri Əli Kərimlini çox sərt üslubda hədəfə götürüb və açıq-aşkar hədələyib. Buna cavab da özünü çox gözlətməyib.
AXCP Mətbuat Xidmətinin keçmiş rəhbəri, hazırda Ukraynada yaşayan İsaq Əvəzoğlu AzPolitika.info-ya göndərdiyi məqaləsində Müsavatı və Rauf Arifoğlunu, necə deyərlər, "yıxıb-sürüyüb”. Müəllif yazıya bir neçə maraqlı fotonu da əlavə edib…
Qarşı tərəfə cavab haqqını tanıdığımızı bəri başdan qeyd edərək, İ.Əvəzoğlunun yazısını təqdim edirik.
Müsavat partiyasının hakimiyyətlə iş birliyinin pərdəarxası məqamları
İsa Qəmbərin Milli Şuradan çıxması və daha yumşaq kurs götürməsi kimlərin sayəsində mümkün oldu?
Ötən ilin oktyabr ayınını 9-da keçirilən prezident seçkilərinə hazırlıq dönəmində müxalifətin birliyi kimi yaradılan və az qala indiyə kimi mövcud olmuş birliklərin ən mükəmməli sayılan Milli Şura seçkilərdən sayılı günlər sonra artıq titrəməyə başladı. Seçkilər ərəfəsində siyasi hakimiyyəti kifayət qədər narahat etməyi bacaran Milli Şura ilə bağlı hakimiyyət dəhlizlərində yeni və daha sarsıdıcı bir planın işlənib hazırlandığı gün kimi aydın idi. Qurumu içəridən parçalamaq və 2015-ci il seçkilərində analoji narahatçılığın bir daha yaşanmaması üçün qabaqlayıcı tədbirlər görmək hakimiyyətin əsas hədəfi idi.
Çünki 2013-cü il seçkilərində məhz Milli Şuranın ardıcıl və intensiv fəaliyyəti nəticəsində ATƏT və digər beynəlxalq təşkilatlar kifayət qədər sərt mövqe nümayiş etdirərək, hakimiyyəti tənqid etmiş və növbəti dönəmdə Milli Şuraya hər cür dəstəyi göstərəcəklərini bildirmişdilər. Hətta ATƏT-in Varşava bürosunun, habelə Polşa hökumətinin Milli Şura ilə yaxından əməkdaşlıq etmək planları da meydana çıxmışdı.
Belə olan şəraitdə hakimiyyətin Milli Şuranı içəridən parçalamaq istəyi ilə paralel olaraq, müxalifət daxilində də gözlənilən dəstəyin, xüsusən də maliyyə yardımlarının konkret hansı partiyanın əlində cəmləşəcəyi barədə mübarizə qızışdı. Seçkidə bir-birinə "can deyib can eşidən” AXCP və Müsavat partiyaları artıq "qan-qan” deməyə başladılar. Əslində, hər şeyi "Müsavat” funksionerləri başlatdı. Səbəb isə bir neçədir.
Əvvəla, seçki ərəfəsində Rüstəm İbrahimbəyovun göndərdiyi maliyyə vəsaiti Eldar Namazov tərəfindən mənimsənildi. İkincisi, Avropa Demokratiya Naminə Fondu tərəfindən AXCP-ə ayrılmış 200 min dollara yaxın maliyyə yardımı "Müsavat” rəhbərliyini qıcıqlandırdı və qurum daxilində mübarizə daha da qızışdı.
Artıq qurum daxilindəki bütün qüvvələri öz çətiri altına almağı bacaran AXCP rəhbərliyi faktiki olaraq, Milli Şuranın siyasi kursunu yürütməyə başlamışdı. Təbii ki, "Müsavat” partiyası bu reallıqla heç cür razılaşa bilməzdi və razılaşmadı da. Ətrafdakı siyasi partiya və qüvvələrlə ikitərəfli əməkdaşlıq etməyə çalışan "Müsavat” partiyasının cəhdləri də puça çıxmaqda idi. İqtidar isə bir kənarda dayanıb təklənmiş şikarını izləyirdi.
Siyasi iqtidar yaranmış bu əlverişli fürsətdən maksimum yararlandı və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin göstərişi ilə "Müsavat” partiyası ilə danışıqlara start verildi. Rauf Arifoğlu, Arif Hacılı və Arzu Səmədbəylinin vasitəsilə aparılan danışıqlardan sonra elə bayram günlərindəcə İsa Qəmbərin "razılığını aldılar”. Şərt isə hakimiyyət üçün çox sadə oldu: 2015-ci ilin Parlament seçkilərində Müsavat partiyası üçün 3 yer ayrılacaq. Bu yerlərin isə Müsavatın Milli Şuradan çıxmasında xüsusi rolu olmuş Rauf Arifoğlu, Arif Hacılı və Arzu Səmədbəyli arasında bölüşdürüləcəyi gözlənilir.
Əslində, İsa Qəmbərlə hakimiyyət arasındakı anlaşma uzun müddət bundan əvvəl baş vermiş və bu anlaşma nəticəsində İsa Qəmbərin 2 oğlu – İlkin və Turqut Qəmbərovlar orduda xidmət etməkdən «azad olunmuşlar». Hazırda bu gənclər müxtəlif xarici təşkilatlardan və donor fondlardan qrant layihələri almaqla, hakimiyyətin hesabına Bakının küçələrində «şellənirlər».
Yenidən qayıdaq mətləbə. Milli Şuradan çıxması ilə bağlı İsa Qəmbərin maliyyələşdirilməsi məsələsi Ramil Usubova həvalə edilib. DİN «şefi» də köhnə şakəri Rauf Arifoğlunun vasitəsilə öz missiyasını həyata keçirir. Rauf Arifoğlu DİN «şefi»ndən aldığı «qonorar»ların bir qismini «Yeni Müsavat» qəzetinin saxlanılması adı ilə özünə götürür, qalanını isə Müsavat başqanına verir.
Bir mətləbi də xatırlatmaq yerinə düşərdi. Rauf Arifoğlu İsa Qəmbərə dəstək olmaq üçün Minval.az saytını açaraq, Turqut Qəmbərə vermiş və hazırda KİV-lərdə bu saytın reklamını həyata keçirməkdədir. Rauf Arifoğlu bu saytın da qeyri-qanuni maliyyəşdirilməsi üçün hakimiyyətdə olan «digər əlaqələrindən» istifadə etməkdədir. Rusdilli Minval.az saytının maliyyələşdirilməsi PA şöbə müdiri Əli Həsənovun vasitəsilə həyata keçirilməkdədir. Belə ki, KİV-ə Dövlət Dəstəyi Fondunun kuratoru olan Əli Həsənov həm rəsmi qaydada, həm də nağd şəkildə bu sayta dəstək verməkdədir.
DİN-in binasından gizli-gizli çıxan Rauf Arifoğlu deyilmi bəs?!
Rauf Arifoğlunun hakimiyyətlə bağlı olması, uzun illər iqtidarın dəyirmanına su tökməklə əqidə yoldaşlarını "bada verməsi” və bu yolla da özünə təmtəraqlı şərait qurması hamıya məlumdur. Çünki, ölkəmizdə yüzlərlə qəzet nəşr olunur, lakin onlardan heç birinin rəhbəri heç olmasa Rauf Arifoğlunun 10 faizi qədər özünə şərait qura bilməyib.
Mərdəkandakı bu villanı Rauf Arifoğlu hansı pulnan alıb, görəsən?
Bəli, əziz dostlar, Milli Şuranın təəssübkeşliyini çəkən mübariz insanlar! Bu bir Azərbaycan reallığıdır. 20 ildən artıq bir müddətdir ki, müxalifət birləşə bilmir. Çünki pul və vəzifə hərisliyi, təkəbbür "Müsavat” partiyasının başında duranların qanına işləyib. İsa Qəmbər, Rauf Arifoğlu, Arif Hacılı, Arzu Səmədbəyli və başqaları oturduqları ağacın budağını kəsməyə adət ediblər.
Nəticə etibarilə, "Müsavat” partiyası Milli Şuradan çıxdı və bunun müqabilində İsa Qəmbər maliyyə durumunu düzəltdi və partiyasına 2015-ci il seçkilərində 3 yer əldə etdi. Gözləyək, görək 2015-ci ildə Müsavatda nə tufan qopacaq? Ramiz Mehdiyev tərəfindən vəd olunmuş bu yerləri İsa Qəmbər təkəbbürlü müsavatçılar arasında necə böləcək?! Vay o gündən ki, Rauf Arifoğluna yer çatmaya.
P.S. Onu da qeyd edim ki, Azərbaycandakı son hadisələr kənardan daha aydın görünməkdədir. Kimlərin əsl müxalifətçi olduqları, Rauf Arifoğlu kimi ….(Zəriri ixtisar-red) altdan-altdan hansı suları bulandırdıqları açıq-aydın görünməkdədir.
P.S.S. Bugün Kiyevin mərkəzində gecə-gündüz mübarizə aparan Ukrayna müxalifətinin şücaətinə heyran qalmamaq mümkün deyil. Hörmətli İsa Qəmbər bura gəlib həmin insanlar qarşısında çıxış etdi, lakin Azərbaycana qayıdandan az sonra öz bölücü missiyasını başa vurdu.
İsaq Əvəzoğlu,
12 Yanvar 2014-cü il
Kiyev, Ukrayna
.
