Avstarliyalılar ölkənin keçmiş baş naziri Entoni Abbotun bayraq sevgisindən çoxdan xəbərdardır.
Ancaq onlar hələ indi öyrəniblər ki, sən demə, Abbotun ən sevimli bayrağı Avstraliya bayrağından sonra Ukraynanınkı imiş. Bunu onun Ukrayna bayrağına xərclədiyi pullar deyir. Keçmiş baş nazir 2014-2015-ci maliyyə ilində 110 Ukrayna bayrağına nə az, nə çox - 3800 dollar xərcləyibmiş.
Düzdür, Abbot daha çox Avstraliya bayrağı alıb - 171 ədəd. Ancaq baş nazir bu zaman Avstraliya aborigenlərinin vur-tut üç bayrağını alıb.
Leyborist Partiyasından senator Penni Uonq E.Abbotun aldığı bayraqlarla bağlı rəsmi sorğu göndərib. Amerika qəzeti "Buzz Feed” isə baş nazirin qərargahının alınan bayraqlarla bağlı hesabat verdiyi sənədi əldə edib.
Cədvəldən görünən odur ki, sabiq baş nazir hakimiyyətdəki son 1 ildə müxtəlif ölkələrin və qurumların 936 bayrağını almağa 80 min dollar xərcləyib. E.Abbotun ofisində senatora izah ediblər ki, həmin bayraqlardan rəsmi görüşlərdə, "Böyük iyirmiliy”in ötən il Avstraliyanın Birsiben şəhərində keçirilən sammitində istifadə edilib.
Bu sammit yaddaşlarda Rusiya prezidenti Vladimir Putinin onu yarımçıq tərk etməsi ilə qalıb. O, bu addımını bir qədər yatmağa ehtiyacının olması ilə izah etmişdi.
"Buzz Feed” yazır ki, Ukrayna prezidenti Petro Poroşenko Avstraliyada cəmi bir dəfə olub. Bundan başqa, Ukrayna "Böyük iyirmiliy”in üzvü deyil. Adıçəkilən KİV-in ehtimalına görə, Poroşenko və Abbotun yetərincə yaxşı münasibətləri var. Poroşenko avstraliyalı baş nazirə Ukraynada islahatlarla bağlı məşvərət şurasına üzv olmağı belə təklif edib.
Jurnalistlərsə bu qədər Ukrayna bayrağını almağı zəruri edən səbəbləri öyrənmək məqsədilə Abbotun qərargahına əlavə suallar göndəriblər.
Keçmiş baş nazirin bayraqlara etinasız qala bilməməsi çoxdan məlumdur. Hətta jurnalistlər zarafatla deyirlər ki, Abbotun nitqinin vacibliyini çıxış zamanı istifadə edilən bayraqların sayı müəyyənləşdirir. Bəzən onun çıxışları zamanı fonda 8 bayraq qoyulurdusa, bəzən də jurnalistlərin sözlərinə görə, baş nazir "ikibayraqlı” çıxış edirdi.
.
