Avropa Şurasının Baş katibi Torbyörn Yaqland Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasını necə yerinə yetirməsi üzrə rəsmi araşdırmaya başlayır.
"Azadliq.org-un məlumatına görə. Baş katib deyib: «Avropa İnsan Haqları Məhkəməsinin qərarları Azərbaycanda tənqidi səslərin susdurulması və söz azadlığının məhdudlaşdırılması üçün hüququn özbaşına (əsassız) tətbiqini üzə çıxarıb».
«Belə narahatedici bir şəraitdə, durumun düzəlməsinə yönəlik müsbət addım atılmadığından, Azərbaycana təmsilçilər göndərəcəyəm. Onlar ölkənin insan haqları konvensiyasının icrasıyla bağlı hakimiyyətdən izahat istəyəcəklər. Fərdlər səlahiyyət sahiblərinin hakimiyyətdən sui-istifadəsi nəticəsində azadlıqlarından məhrum ediləndə, xüsusi təşviş keçirirəm. Avropa İnsan Haqları Məhkəməsi bunu İlqar Məmmədovun işində üzə çıxarıb. Bu, Konvensiyanın çox ciddi pozulmasıdır», - deyə Torbyörn Yaqland vurğulayıb.
Avropa Şurasının yaydığı açıqlamada xatırladılır ki, ötən ilin mayında Avropa Məhkəməsi İlqar Məmmədova qarşı cinayət işinin hüquqi baxımdan əsassızlığını, onun azadlığını əlindən almaq, hökuməti tənqid etdiyi üçün susdurmaq məqsədi daşıdığını bəyan edib.
Avropa İnsan Haqları Konvensiyasının 52-ci maddəsinə uyğun olaraq, baş katib üzv ölkələrdə yerli qanunvericiliyin konvensiyanın icrasına necə təminat verdiyini araşdıra bilər.
Ancaq qurum bildirir ki, 52-ci maddə üzrə araşdırmalar nadir hallarda aparılır. Baş katib T.Yaqland ilk dəfədir buna əl atır.
Xatırladaq ki, bir müddət əvvəl Torbyörn Yaqland insan haqları üzrə hökumətlə birgə yaradılan İşçi qrupdan çıxıb.
.
