Avstriyanın Yaşıllar Hərəkatının Avropa Parlamentindəki nümayəndə heyətinin rəhbəri, Avropa Parlamentinin vitse-prezidenti Ulrike Lunaçek öz ölkəsinin xarici işlər nazirini Bakıya səfərdən imtina etməyə çağırıb.
Virtualaz.org saytı bu haqda Avstriyanın "Austrian Presse Agence” agentliyinə istinadən xəbər verir.
U.Lunaçek bildirir ki, Avstriyanın xarici işlər naziri, hazırda Cənubi Qafqaz regionunda səfərdə olan Sebastyan Kurtz Avstriyanın "Die Presse” qəzetinin əməkdaşı Yutta Bauerə viza verilmədiyinə görə Bakıya getməkdən imtina etməlidir.
Xəbər verildiyi kimi, Yutta Bauer 2011-ci ildə Ermənistan üzərindən Dağlıq Qarabağa səfər edib və bu səbəbdən Azərbaycan XİN-in "qara siyahı”sına düşüb. Yutta Bauer Avstriya xarici işlər nazirini Cənubi Qafqaz regionuna səfərdə müşayiət edir.
Azərbaycanın Avstriyadakı səfirliyi jurnalistin viza müraciətinə rədd cavabı verib və onun ancaq Azərbaycan dövlətindən üzr istəyəcəyi halda viza ala biləcəyini bildirib. Avstriya mətbuatı yazmışdı ki, jurnalist səfirlikdən viza almaq istərkən Dağlıq Qarabağda səfərdə olduğunu gizlətməyə çalışıb.
Yutta Bauer eyni zamanda "Die Presse” qəzetində Azərbaycan hakimiyyəti haqqında tənqidi məqalələrin müəllifidir. Jurnalist iddia edir ki, ona viza verilməməsi məqalələrinin məzmunu ilə bağlıdır. Azərbaycanın Vyanadakı səfirliyi isə bu iddianı rədd edib.
Ancaq Yutta Bauerə tamamilə haqlı səbəblərdən viza verilməməsini Avstriyanın siyasi dairələri Azərbaycana qarşı çevirməyə çalışır. Əvvəllər də Avropa Parlamentində Azərbaycana qarşı çıxışları ilə tanınan Ulrike Lunarçek bildirir ki, jurnalistin Bakıya buraxılmaması Azərbaycanda "tənqidi jurnalistikanın sıxışdırılmasının gündəmdə olduğu bir vaxtda” baş verir.
"Mən xarici işlər naziri Sebastyan Kurtzu Azərbaycana səfərini Yutta Bauerə viza verilməsi ilə birbaşa əlaqələndirməyə çağırıram. Xarici siyasət üzrə ixtisaslaşmış nüfuzlu avstriyalı jurnalistin əsassız səbəblərlə Avstriya xarici işlər nazirini müşaiyət edən nümayəndə heyətinin tərkibindən çıxarılması qəbuledilməzdir” - deyə U.Lunarçek bildirib.
Onun fikrincə, rəsmi Bakının bu addımı Azərbaycanın Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramı çərçivəsində üzərinə götürdüyü öhdəliklərə də ziddir.
Qeyd edək ki, U.Lunarçek 2013-cü ildə Avropa Parlamentinin vitse-prezidenti seçilib. O, həmçinin Avropa Parlamentinin seksual azlıqların (LGBT) hüquqları üzrə birləşmiş qrupunun həmsədridir.
U.Lunarçekin özü də lesbiyandır, seksual azlıqları təmsil edir və siyasi karyerasına da bu sahədən başlayıb.
O, siyasətə 1995-ci ildə Avstriya geylərinin və lesbiyanlarının təşkil etdiyi ictimai kampaniyanın təqdimatını etməklə daxil olub.
.
