Avropa İnsan Haqları Məhkəməsi yanvarın 21-də Azərbaycan vətəndaşı Çıraqovun Ermənistan Respublikasına qarşı qaldırdığı iddiaya baxacaq. Strasburqda başlanacaq prosesdə Azərbyacan nümayəndə heyəti iştirak edəcək.
Qeyd edək ki, Laçın rayonundan məcburi köçkün olan 6 iddiaçı-Fəxrəddin Paşayev, Ramiz Cəbrayılov, Sağatel Cəbrayılov, Akif Həsənov, Adışirin Çıraqov və Elxan Çıraqov işğalçı Ermənistan tərəfindən onlara vurulan maddi və mənəvi ziyanın ödənilməsini tələb edib. Laçınlıların şikayət məktubunda yer alan əsas müddəalardan biri onların doğma torpaqlarına qayıtmaq tələbidir. Onlar həmçinin məhkəmədən ermənilərin Azərbaycana və digər azərbaycanlılara vurduğu maddi-mənəvi ziyanın ödənilməsini də tələb ediblər.
İddiaçılar 1992-ci il mayın 17-də zorla evlərindən qovulub, onların mülkiyyəti ermənilərin əlinə keçib. Həmin şəxslər iddia ərizələrində bildiriblər ki, Laçına qayıda bilmədiklərinə görə öz mülkiyyətlərindən istifadə edə bilmirlər. Ermənistan hakimiyyəti isə buna rəğmən, onların məruz qaldığı zərəri kompensasiya etməyib.
İddia ərizəsi Avropa İnsan Hüquqları Konvensiyasının 1-ci Protokolunun 1-ci (mülkiyyətin toxunulmazlığı), 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələrinə əsaslanır. İddiaçılar həmçinin milli ayrı-seçkiliyə (14-cü maddə) məruz qaldıqlarını bildirərək qeyd ediblər ki, əgər erməni və xristian olsaydılar, onları evlərini tərk etməyə məcbur edilməzdilər. Buna görə də iddiaçılar konvensiyanın mülkiyyət və şəxsi həyat toxunulmazlığı maddələrilə yanaşı milli-dini ayrı-seçkilik maddəsi üzrə də iddia qaldırıblar.
Şikayətçilər iddia ərizələrində bildiriblər ki, Laçın rayonu Ermənistanın işğalına məruz qaldığı üçün onlar öz mülklərindən istifadə edə bilmirlər və Ermənistan hökuməti də onlara dəymiş ziyanı kompensasiya etməyib.
Bir neçə il əvvəl Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasında "Çıraqov və başqaları Ermənistana qarşı" işi üzrə Dağlıq Qarabağdan olan azərbaycanlı məcburi köçkünlərin iddiası ilə bağlı məhkəmənin ilkin qərarını açıqlayaraq bu şikayəti qəbuledilən hesab edib və işi məhkəmənin icraatına götürüb.
.
