Avrokubokların 2021/22 mövsümünün ilk qalibi müəyyənləşib.

İspaniyanın Sevilya şəhərində Avropa Liqasının final matçı baş tutub.

Qitənin ikinci dərəcəli klub turnirinin həlledici görüşündə “Ayntraxt”la “Reyncers” üz-üzə gəlib. “Ramon Sançes Pisxuan”dakı qarşılaşmanın 90 dəqiqəsində komandalar hərəyə 1 qolla kifayətlənməli olub. Bu da oyunun əlavə vaxta getməsi ilə nəticələnib. Əlavə vaxtda da qalib müəyyənləşməyib. Penaltilər seriyasında isə "Ayntraxt" rəqibini üstələyib.

Bununla “Ayntraxt” 42 illik həsrətə son qoyaraq, tarixində ikinci dəfə turnirin qalibi olub. Frankfurtlular buna qədər yalnız bir dəfə - 1980-ci ildə turnir UEFA Kuboku adlandığı vaxt kuboku başı üzərinə qaldırıb. “Reyncers” isə avrokuboklarda keçirdiyi 5-ci final oyununda 4-cü dəfə məğlubiyyətə düçar olub.

Avropa Liqası
Final
18 may
“Ayntraxt” (Almaniya) – “Reyncers” (Şotlandiya) - 1:1 (Penaltilərlə 5:4)
Qollar: Borr, 69 - Aribo, 57
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Sevilya. “Ramon Sançes Pisxuan” stadionu

.