Avropanın aparıcı dövlətlərinin liderləri ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ABŞ-ın nəzarətinə götürmək istəyi barədə yenidən səsləndirdiyi fikirlərdən sonra Danimarka və Qrenlandiyaya dəstək ifadə ediblər.

Bu barədə “Reuters“ məlumat yayıb.

Fransa, Almaniya, İtaliya, Polşa, İspaniya, Böyük Britaniya və Danimarka liderlərinin yaydığı birgə bəyanatda bildirilib ki, Arktik ada onun xalqına məxsusdur.

“Qrenlandiya öz xalqına məxsusdur. Danimarka və Qrenlandiya ilə bağlı məsələlərə yalnız Danimarka və Qrenlandiya qərar verə bilər”, – bəyanatda vurğulanıb.

Liderlər qeyd ediblər ki, Arktika regionunda təhlükəsizlik NATO müttəfiqləri, o cümlədən ABŞ ilə birgə və kollektiv şəkildə təmin edilməlidir. Bəyanatda bildirilib ki, NATO Arktika regionunu prioritet elan edib və Avropa müttəfiqləri bu istiqamətdə fəaliyyətlərini gücləndirirlər.

“Biz və bir çox digər müttəfiqlər Arktikanın təhlükəsizliyini təmin etmək və potensial təhdidlərin qarşısını almaq üçün regionda mövcudluğumuzu, fəaliyyətlərimizi və investisiyalarımızı artırmışıq”, – bəyanatda qeyd olunub.

.