Avropa Komissiyası Avropa İttifaqı Şurasına Gürcüstana namizəd statusunun verilməsini tövsiyə edib.

Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Avropa İttifaqının qonşuluq və genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi ilə birgə mətbuat konfransında bildirib.

“Gürcüstan namizəd statusu əldə etməlidir, çünki həqiqətən də bu istiqamətdə addımlar atılıb. Təbrik edirik”, - von der Leyen deyib.

Ursula von der Leyen Aİ-nin Gürcüstan xalqının Avropa istəyini tam dəstəklədiyini bildirib. O, Gürcüstan hökumətini bu istəyi nəzərə almağa, müxalifət və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq etməyə, həmçinin daha əvvəl təqdim edilmiş 12 tövsiyənin yerinə yetirilməsinə fokuslanmağa çağırıb.

Qeyd edək ki, Avropa İttifaqı Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı yekun qərarı bu ilin dekabrında verəcək.

.