
Azərbaycandan Avropa İttifaqına qaz nəqli nəzərdə tutan "Cənub Qaz Dəhlizi”nin yaradılması Aİ-nin energetika siyasətinin prioritetlərindən biri olmalıdır, bu barədə iqlim və energetika üzrə Avropa Komissarı vəzifəsinə namizəd Migel Arias Kanyete cümə axşamı Avropa Parlamentinin profil komitəsinin toplantısında bildirib.
Layihə 2019-cu ilə qədər Azərbaycanın Şahdəniz yatağından Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya vasitəsilə İtaliyanın cənubuna qədər TANAP-TAP qaz kəmərləri sisteminin inşaatını nəzərdə tutur. Bu kəmərlərlə Türkiyəyə 6 milyard və Avropaya 10 milyard kubmetr qaz nəql etmək planlaşdırılır.
"Düşünürəm ki, "Cənub dəhlizi” mütləq prioritet olmalıdır”, deyə Kanyete bildirib. O, Aİ-nin enerji siyasətinin prioritetləri arasında enerji səmərəliliyini, enerji əldə etmə mənbələrinin müxtəlifləşdirilməsini, Aİ daxilində enerji ötürülməsi üzrə əlaqələrin yaradılmasını qeyd edib.
Kanyete vəzifəyə təsdiq edilərsə, o, energetika üzrə hazırki komissar Günter Ettingeri dəyişdirəcək.
.