
Avtropa İttifaqı (Aİ), Rusiya və Ukrayna arasında cümə günü əldə edilmiş razılaşmaya əsasən Ukraynanın Aİ ilə azad ticarət zonası barədə sazişinin (Assosiasiya sazişi ) icrası 2015-ci ilin sonunadək təxirə salınır. Bu məlumatı Aİ-nin ticarətkomissarı Karl de Quxt elan edib.
Karl de Quxt sazişin qüvvəyə minməsinin təxirə salınmasına baxmayaraq Aİ-nin Ukraynadan Avropaya ixrac olunan mallara verilmiş imtiyazlı tarifləri dayandırmayacağını elan edib. Lakin Avropadan Ukraynaya gətirilən mallara əvvəllər olduğu kimi köhnə tariflər şamil ediləcək.
Avropa İttifaqının ticarət komissarı "Röyter” agentliyinə bildirib ki, sazişin təxirə salınması sonradan qalxa biləcək bir sıra problemlərin müzakirəsinə imkan yaradacaq. De Quxt əlavə edib ki, belə bir qərar Ukraynada sabitliyin qorunub saxlanmasına kömək edəcək.
Bundan bir qədər əvvəl Aİ-nin ticarət komissarı Ukrayna və Rusiya nümayəndələri ilə ayrıca danışqılar aparmışdı. Təxirə salma barədə sazişdə deyilir ki, əldə olunmuş keçid müddətində Rusiyanı narahat edən məsələlər müzakirə olunacaq.
Xatırladaq ki, Aİ ilə Assosiasiya sazişi Ukraynanın başına gələn indiki bəlaların əsas səbəbidir. 2013-cü ilin payızında Viktor Yanukoviç Assosiasiya sazişinin imzalanmasının təxirə salınmasına dair qərarı "Avromaydan” hərəkatını başlatmışdı və bu hərəkat sonda Yanukoviçin devrilməsinə, Kiyevdə Aİ-nin və ABŞ-ın dəstək verdiyi siyasi qüvvələrin hakimiyyəti ələ almasına gətirib çıxarmışdı.
Yanukoviçi devirib hakimiyyətə gələn qərbmeylli qüvvələr dərhal Aİ ilə Assosiasiya sazişinin imzalanmasına qərar verdilər, Krım isə Rusiyaya birləşmək qərarı verdi. Bunun ardınca Ukraynanın şərqində Kiev neofaşistlərinə qarşı müqavimət qüvvələri hərəkatı başlatdı və bu hərəkat Donbasda minlərlə adamın həlak olmasına, Ukraynanın şərq ərazilərini faktiki itirməsinə səbəb olan müharibəyə keçdi.
Ukraynanı Aİ ilə saziş imzalamağa çağıran və "Avromaydan” hərəkatını maliyyələşdirən Qərb isə bütün bunlara mane ola bilmədi. Nəhayət, Ukrayna ordusunun Donbasa yeritdiyi qüvvələr ağır məğlubiyyətə uğrayaraq öz mövqelərini əldən verməyə başlamasından sonra prezident Pyotr Poroşenko Rusiyanın təklif etdiyi atəşkəs razılaşmasını imzalamalı oldu.
Ukraynanın yeni prezidenti Pyotr Poroşenko sazişin iqtisadiyyat hissəsini iyunun 26-da imzalamışdı. Siyasi hissə bundan əvvəl, hələ mart ayında imzalanmışdı. İndi Avropa rəsmiləri etiraf edirlər ki, Ukrayna-Avropa sazişinin təxirə salınması Moskva ilə mümkün qarşıdurmadan yan keçmək niyyəti ilə bağlıdır.
Bununla belə, əldə olunmuş üçtərəfli razılaşmaya baxmayaraq Avropa və Ukrayna parlamentləri Assosiasiya sazişini planlaşdırıldığı kimi bu həftə ratifikasiya edəcəklər.
Moskva, Kiyev və Brüssel arasında əldə olunmuş razılığa əsasən Ukrayna Avropadan idxal olunan mallara köhnə rüsumları tətbiq etməkdə davam edəcək.
Karl de Quxt bildirib ki, bu, Moskvanın tələblərindən biri idi. O, etiraf edib ki, iki tərəf arasında imzalanmış sazişə üçüncü tərəfin, yəni Rusiyanın müdaxiləsinə yol veriməsi pis presendentdir.
"Lakin dünya pis presedentlər üzərində qurulub” - deyə Avropa komissarı bildirib.
De Quxt ümid etdiyini bildirib ki, belə bir güzəşt Ukraynada yaranmış çox təhlükəli vəziyyətlə bağlı olub: "Çox mürəkkəb vəziyyətdir, müharibə vəziyyətidir.14 aylıq ləngimə ilə dünya dağılmayacaq”.
Moskva Kiyev və Brüssel arasında imzalanmış Assosiasiya sazişinə etiraz edərək xəbərdarlıq edirdi ki, əgər saziş noyabrın 1-dən qüvvəyə minərsə, Rusiya Ukrayna ilə bütün güzəştli ticarətini dayandıracaq.
Bu baxımdan böyük ehtimalla belə demək olar ki, Avropa İttifaqının, Qərbin Ukrayna avantürasının - Ukrayna da daxil olmaqla bir neçə keçmiş sovet respublikasını Avropanın iqtisadi-siyasi nüfuz dairəsinə daxil etməyə yönəlmiş Şərq Tərəfdaşlığı təşəbbüsünün iflasa uğradığı göz önündədir. Bu avantüranın Ukraynaya hansı itkilər hesabına başa gəldiyini təkrarlamağa isə ehtiyac yoxdur. Habelə Azərbaycan rəhbərliyinin lap əvvəldən Assosiasiya sazişi avantürasından uzaq durmasının nə dərəcədə ağıllı addım olduğu indi növbəti dəfə sübut edilir.
.