“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti ilə Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” üzrə Kredit Müqaviləsi” və “Azərbaycan Respublikası ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” üzrə Zəmanət Sazişi” imzalanıb.

173,5 milyon ABŞ dolları məbləğində olan kredit sazişini “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Baba Rzayev və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştallmayster, kredit müqavinə dair zəmanət sazişini isə Azərbaycan Hökuməti adından maliyyə naziri Sahil Babayev və xanım Ştallmayster imzalayıb.

Məlumata görə, cəlb olunan kredit Azərbaycanda tikilməkdə olan BOEM stansiyalarını təhlükəsiz şəkildə enerji sistemə ötürmək üçün enerji ötürücü infrastrukturun gücləndirilməsini təmin edəcək. Kredit vəsaiti 5 ili güzəşt dövrü olmaqla 15 illik müddətə cəlb olunur və kreditin qaytarılması 2039-cu ilin sonunda bitəcək. Layihədə Azərbaycan Hökumətinin iştirak payı (31.2 mln ABŞ dolları) ƏDV və gömrük rüsumlarının ödənilməsindən ibarətdir.

İcra müddəti 4 il olan layihənin əsas məqsədi "Azərenerji" ASC-nin enerji sistemin fəaliyyətinin yaxşılaşdırması və tikilməkdə olan bərpa olunan enerji mənbələrinin növbəti 5 il ərzində enerji ötürücü şəbəkəsinə təhlükəsiz inteqrasiyasına dəstək göstərməkdir. Layihə çərçivəsində Dünya Bankı tərəfindən ümumi uzunluğu 341 km olan 500 və 330 kV-luq 4 elektrik verilişi xəttinin tikintisi, eləcə də 500/330/10 kV-luq Nəvahi Yarım Stansiyası üçün transformator və əlaqəli avadanlıqların alınması maliyyələşdiriləcək.

.