Avropa İttifaqının (Aİ) ümumi büdcəsi "Brexit" səbəbindən ildə 14 mlrd. avro (16,5 mlrd. ABŞ dolları) itki ilə üzləşəcək. "Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, bunu Aİ-nin büdcə məsələləri üzrə komissarı Günter Ettinger Brüsseldə keçirilən konfransda bildirib.
Qeyd edək ki, B.Britaniya Aİ-dən 2019-cu ilin mart ayında tamamilə ayrılacağını bildirsə də, 2020-ci ilə qədər Aİ büdcəsi qarşısında öhdəliklərinə əməl edəcəyi barədə niyyətini açıqlayıb. Belə ki, Aİ-nin illik büdcəsi çoxillik maliyyə planlarının tərkib hissəsidir və son dəfə qəbul olunan plan 2020-ci ilə qədər hesablanıb.
G.Ettinger qeyd edib ki, Aİ-nin itirəcəyi vəsait səbəbindən növbəti 10 illik büdcənin planlaşdırılmasında problemlər yarana bilər: "Britaniya Aİ-nin büdcəsinə vəsait qoyan ikinci ən böyük üzvdür və o, ayrılır. Büdcədə yaranan "dəliyin" 50%-i Aİ-nin 27 digər üzvünün əlavə ödənişləri hesabına maliyyələşdiriləcək. Qalan 50% və ya 7 mlrd. avro (8,25 mlrd. dollar) isə büdcə xərclərinin azaldılması hesabına baş verəcək".
Xatırladaq ki, "The Independent" qəzetinin keçirdiyi sorğuya əsasən, "Brexit" səsverməsi indi keçirilsə idi, britaniyalıların 51%-i Aİ tərkibində qalmaq istəyərdi.
.
