“Onlayn görüşlər əvvəlki kimi yenə yoldadır. Beynəlxalq Gimnastika Federasiyasının (FİG) İcraiyyə Komitəsi (İK) iyunun 15-də daha bir videokonfrans formatlı iclas keçirib ki, COVİD-19 pandemiyasının gimnastika hadisələrinə təsirini təhlil etsin və zəruri dəyişiklikləri gerçəkləşdirsin”.

Bu fikirlər Avropa Gimnastikasının (AG) prezidenti Fərid Qayıbova məxsusdur.

Qitə gimnastika qurumuna rəhbərlik edən həmyerlimiz bu idman növünün indiki durumu barədə yazı qələmə alıb. O, gimnastika ailəsinin üzvlərinə müraciətdə koronavirusla bağlı vəziyyəti şərh edib: “Biz aerobika üzrə Bakıdakı dünya çempionatının yeni tarixini və Tokio-2020 Olimpiya Oyunlarının təxirə salınması ilə əlaqədar hakimlərin ümumi və xüsusi qaydalarına dəyişiklikləri təsdiqlədik. Görüşün əsas mövzusu FİG Konqresinin vaxtı idi. Seçkilərə gəlincə, İK üzvləri bu önəmli məsələ ilə bağlı qərar qəbul edilməsində çox ehtiyatlıdır. Komitə qərara gəldi ki, federasiyalara üstün saydıqları vaxtı müəyyənləşdirmək imkanı versin. Bu məsləhətləşmələrə əsasən yekun qərarın gələn iclasda veriləcəyi gözlənilir”.

Qayıbov bu addımları düzgün hesab edib: “Bu, düzgün yanaşmadır. Çünki bizə hər kəsin qərar verilməsində payı olması lazımdır ki, tədbirlərin yeni tarixlərinin müəyyənləşməsində dəqiq olaq. Biz artıq 2021-ci ildə keçiriləcək idman gimnastikası üzrə əksər Avropa yarışlarını təxirə salıb tarixlərini müəyyənləşdirmişik. Üzləşə biləcəyimiz problem tarixlərin üst-üstə düşməsidir. Belə olsa, federasiyalar iştirak edəcəyi turnirlər bağlı seçim etmək problemi ilə qarşılaşacaq. Çünki pandemyadan sonrakı 2021-ci ilin təqvimi sıxlıq vəd edir. Teleyayım məsələsi də nəzərə alınmalıdır. Bütün idman növləri yarışlarını saxlayıb onun keçirilməsi üçün ən yaxşı tarixləri seçməyə cəhd edir. Telayayımçılar efir vaxtı geniş seçim imkanı qazanacaq. FİG, onun İK-i və personalı mümkün olan hər şeyi edir ki, bütün maraqlı tərəflər üçün faydalı və münasib vaxt seçsin. Əməkdaşlıq və koordinasiya FİG-in, öz planlarını onun əsas qərarlarından sonra quran qitə ittifaqlarının əsas hədəfləridir”.

AG rəhbəri bu qurumun da videokonfransından danışıb: “Öz növbəmizdə AG Prezident Şurasının videokonfransı keçirildi. Bu gələn ay da davam etdiriləcək. İndiki vəziyyətdə vacibdir ki, hər qərar gimnastikanın xeyrinə olsun. Ötən ay biz yüngül atletikadan olan dostumuz üçün təəssüfləndik. Mən 74 yaşında vəfat edən Avropa Yüngül Atletikasının prezidenti cənab Sveyn Arne Hansenin ailəsinə dərin hüznlə başsağlığı verirəm. Son illərdə bizim təşkilatlar 1-ci çoxprofilli Avropa çempionatı layihəsinin üzvləri kimi yaxşı əməkdaşlıq qurmuşdu. Bizim pandemiya ilə bağlı yaşadığımız qeyri-müəyyənlik dövrü suda olan və yaxşı hava gözləyən qayığı xatırladır. Bəli, bu yay istədiyimiz kimi olmadı, planlaşdırdığımız çox tədbirlər baş tutmadı. Amma necə deyərlər, vaxtı seçmirik, onu yaşayırıq. Pozitiv, sakit və güclü olmaq, günəşin gimnastika yarışlarını işıqlandırdığı sahilə can atmaq çox vacibdir”.

.