AVRO-2020-də yarımfinal mərhələsinə start verilib.
Raundun birinci günündə bir oyun keçirilib.
İlk finalçı İtaliya və İspaniya millilərinin görüşündə bəlli olub. AVRO-2012-nin finalçıları arasında qarşılaşma İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda baş tutub.
Qarşılıqlı hücumlarla keçən birinci hissədə qapılara qol vurulmayıb. İlk yarıda ümumilikdə ispanlar daha fəal nəzərə çarpıblar. Buna baxmayaraq, qarşılaşmada hesabı açan tərəf İtaliya olub. Bir saatın tamamında ani əks-hücum zamanı Federiko Kyeza əlinə düşən fürsəti qaçırmayıb. Ancaq sona 10 dəqiqə qalmış qapıçı ilə təkbətək dueldən qalib ayrılan Alvaro Morata status-kvonu bərpa edib. Qalan dəqiqələrdə bərabərlik dəyişmədiyindən, əlavə yarım saatlıq mübarizəyə ehtiyac duyulub.
Maraqlıdır ki, bu, ispanların turnirdə 120 dəqiqə çıxış etdikləri ardıcıl 3-cü oyun olub. Əlavə yarım saatda isə komandalar daha çox ehtiyatlı oyuna üstünlük verdiklərindən, qələbə topunu vurmaq mümkün olmayıb. Nəticədə finalçını müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. 1/4 finalda məhz penaltilər seriyası ilə İsveçrəni üstələyən Luis Enrikenin kollektivi bu dəfə məğlubiyyətə üzülüb.
Qeyd edək ki, iyulun 7-də baş tutacaq ikinci yarımfinalda İngiltərə və Danimarka üz-üzə gələcək.
AVRO-2020
Yarımfinal
6 iyul
23:00. İtaliya – İspaniya - 1:1, pen. 4:2
Qollar: Federiko Kyeza, 60 - Alvaro Morata, 80
Baş hakim: Feliks Brix (Almaniya)
London. “Uembli” stadionu