Azərbaycan prezidenti İlham Əliyev ATƏT Parlament Assambleyası sədrinin müavinləri Georgi Sereteli və Kent Harstedtin başçılıq etdiyi, ATƏT PA-nın baş katibi Roberto Montellanın daxil olduğu nümayəndə heyətini qəbul edib.
APA-nın məlumatına görə, G. Sereteli ATƏT Parlament Assambleyasının sədri İlkka Kanervanın xəstəliyi ilə əlaqədar Azərbaycana səfər edə bilməməsini təəssüflə qeyd edib.
O, ölkəmizin təmsil etdiyi qurum üçün prioritet olduğunu və Azərbaycanla əməkdaşlığın böyük əhəmiyyət daşıdığını dedi. G. Sereteli ATƏT-in həyata keçirdiyi layihələrdə Azərbaycanın iştirakına görə prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. O, ATƏT Parlament Assambleyasının 2014-cü ildə Bakıda illik sessiyasının yüksək səviyyədə keçirildiyini məmnunluqla xatırlayıb. Azərbaycanla bu günə qədər əməkdaşlığın uğurla həyata keçirildiyini bildirən qonaq bu əməkdaşlığı konstruktiv və anlaşma ruhunda yeni mərhələdə davam etdirmək niyyətində olduqlarını deyib.
İ. Əliyev isə G. Seretelinin ölkəmizə səfərinin məhsuldar və səmərəli olacağına ümid etdiyini bildirib.
Görüşdə Azərbaycanla ATƏT-in Parlament Assambleyası arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
.