ATƏT Parlament Assambleyasınn (PA) Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin Bakıda keçirilən iclasında Ukrayna, Gürcüstan, ABŞ və Niderland nümayəndə heyətlərinin "Helsinki+40: Hər bir insanın təhlükəsizliyinə doğru” qətnamə layihəsinə təklif etdikləri və Rusiya nümayəndə heyətinin etirazı ilə qarşılanan 14-cü düzəliş səsverməyə çıxarılaraq qəbul edilib.
APA-nın məlumatına görə, düzəlişdə Rusiyanın hərbi fəaliyyəti səbəbindən təhlükəsizlik məsələləri üzrə yaranan narahatlığın aradan qaldırılmasının vacibliyi qeyd edilir. Eyni zamanda Rusiyanın dialoq və əməkdaşlıqdan imtina etməsindən təəssüf hissi ifadə olunur.
İclasdan sonra Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini, büro üzvü Azay Quliyev jurnalistlərə açıqlamasında deyib ki, düzəliş olduğu kimi qəbul edilib. O, Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin günün ikinci yarısında bu düzəlişin də əksini tapdığı layihəni bütövlükdə müzakirəyə çıxaracağını söyləyib.
.