"Atena” süd məhsullarının istehsalında insan sağlamlığı üçün təhlükəli olan maddələrdən istifadə olunur.
Bu barədə iddialar "Atena” məhsullarından bir neçə dəfə zəhərlənmə faktlarından sonra meydana gəlib.
Bununla bağlı araşdırma aparan aznews.az-ın əməkdaşları maraqlı fakt əldə ediblər. Onlar "Bizim market” mağazalar şəbəkəsindən aldıqları 0 faizli südü istifadə edərkən tərkibinin tamamilə dəyişdiyinin, qatıq halını aldığının şahidi olublar.
Südün üzərində saxlanma müddəti və digər göstəricilər yerində olub.
Belə olan halda, süd qatığa nec çevrilib? Bu, nəyin göstəricisidir?
Məsələ ilə bağlı Azad istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov sayta bildirib ki, südün qatığa çevrilməyinin iki səbəbi ola bilər. Onun sözlərinə görə, əgər südün saxlanma şəraiti pozulduqda və istifadə müddəti az olduqda südün qatığa çevrilməsi normaldır: "Lakin südün üzərində saxlanma tarixi 1 ay kimi göstərilibsə, deməli, həmin məhsulun qatığa çevrilməsi kimyəvi qatqıların nəticəsində baş verib. Həmin kimyəvi maddələrin sayəsində süd məhsulu qatığa çevrilib. İstehsalçıların hansı kimyəvi maddələrdən istifadə etdiyini deyə bilmərəm. Amma onu deyim ki, ağartı məhsullarına qatılan kimyəvi qatqılar insan ömrünü qısaldır”.
Xatırladaq ki, 2011-ci ildən fəaliyyətə başlayan "Atena” MMC süd və süd məhsulları bazarına 40-dan çox müxtəlif çeşidli məhsul çıxarır. Burada süd, ayran, qatıq, xama, pendir, kərə yağlarının hər birinin bir neçə cür növü istehsal olunur.
.