Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşəbbüsü ilə Aşura günü ilə əlaqədar paytaxtda 8 məscid və ziyarətgahlarda, regionlarda isə Mərkəzi Qan Bankının bölmələrində qanvermə aksiyaları keçirilir.
Bunu Mərkəzi Qan Bankının rəhbəri Qumral Vəliyeva deyib.
O bildirib ki, paytaxtda qanvermə aksiyasına 160 personal cəlb edilib.
Qumral Vəliyeva qeyd edib ki, qanvermə aksiyasında 18-65 yaş arası, çəkisi minimum 50 kq olan sağlam fiziki şəxslər iştirak edə bilərlər. Qanvermədə iştirak edən vətəndaşlardan təxminən 450 milli litr qan götürülür.
Onun sözlərinə görə, kimin qan verib-verməməsinə həkim müayinəsindən sonra qərar verilir: "Vətəndaşların öncə təzyiqləri, hərarətləri ölçülür və bundan sonra vətəndaşın qan verib-verə bilməyəcəyi müəyyənləşir".
Qumral Vəliyeva deyib ki, daim qana və könüllü qan verənlərə ehtiyac var: "Ölkəmizdə 1500-dən artıq talassemiya xəstəsi var ki, onlara iki-üç həftədən bir qan köçürülür".
.