Azərbaycanın Astara şəhərindəki mərkəzi bazarda başlayan yanğın dörd saatlıq mübarizədən sonra çətinliklə söndürülüb.
Hadisə barədə məlumat daxil olan kimi əraziyə Fövqəladə Hallar Nazirliyinin Astara Rayon Yanğından Mühafizə Hissəsindən 5 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Yanğının əhatə dairəsi genişləndiyindən köməyə Lənkəran və Masallı rayonlarının yanğından mühafizə hissələrinin hər birindən əlavə olaraq daha iki yanğınsöndürən maşın və canlı qüvvə göndərilib. Onların birgə səyləri ilə saat 19.00 radələrində yanğın lokallaşdırılıb.
Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 5000 kvadratmetr olan bazarın 1500 kvadratmetr ərazisi yanaraq sıradan çıxıb. Yanğın nəticəsində sahibkarlara külli miqdarda ziyan dəyib. Hadisənin səbəbləri barədə hələlik açıqlama verilmir. Faktla bağlı araşdırma aparılır.

***

Astarada yanan bazarı hələ də söndürmək mümkün olmayıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlıumata görə, yanğın daha da şiddətlənib.
Hadisə yerinə 20-yə yaxın yanğınsöndürən maşın cəlb edilib. İlkin ehtimala görə, yanğın qısaqapanmadan baş verib. Lakin hələlik rəsmilər yanğınla bağlı hər hansı bir məlumat vermirlər. Yanğın nəticəsində 2 min kvadrat metrdən çox ərazi yanıb. Qeyd edək ki, bazardakı sahibkarlar yanğının qəsdən törədildiyini iddia edirlər.

***

"Yanğın söndürüldükdən sonra sahibkarlara dəyən ziyan hesablanacaq”. Bunu AzNews.az-a açıqlamasında Astara Rayon İcra Hakimiyyətinin informasiya təminatı və təhlili sektorunun müdiri Səfail Məmmədov deyib.
O, bildirib ki, bu gün günorta radələrindən Astara şəhərinin mərkəzi bazarda yanğın başlayıb və hazırda söndürülməsi istiqamətində tədbirlər görülür.
Onun sözlərinə görə, Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin göstərişi ilə qurumun əksər əməkdaşları, vəzifəli şəxslər hadisə yerindədir.
S.Məmmədov qeyd edib ki, yanğın söndürüldükdən sonra hadisənin səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılacaq və sahibkarlara dəyən ziyana hesablanacaq.

***

Azərbaycanın Astara şəhərindəki mərkəzi bazarda başlayan yanğının söndürülməsinə əlavə qüvvələr cəlb edilib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Astara Rayon Yanğından Mühafizə Hissəsindən 4 yanğınsöndürən maşın və canlı qüvvəsi gəlib.
Yanğının əhatə dairəsi genişləndiyindən köməyə Lənkərandakı Yanğından Mühafizə Hissəsindən də daha bir yanğınsöndürən maşın və canlı qüvvə göndərilib. Hazırda yanğının lokallaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

***

Astara rayonunun mərkəzi bazarı yanır.
Fövqəladə Hallar nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsindən verilən məlumata görə, yanğın saat 15.00-da başlayıb.
Astara rayonunun mərkəzi bazarında baş verən yanğının söndürülməsinə xeyli sayda yanğınsöndürən cəlb edilib.
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
.