Astara rayonunda bir nəfərin ölümü 4 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Kijəbə qəsəbəsində baş verib. 
Kənd sakini 1990-cı il təvəllüdlü Bəylər Amil oğlu İbrahimovun idarə etdiyi "VAZ” markalı avtomobil yoldan çıxaraq beton maneəyə çırpılıb. Hadisə nəticəsində biri azyaşlı, digəri qadın olmaqla ümumilikdə 5 nəfər xəsarət alıb. Onlardan üçü - 25 yaşlı Eldost İbrahimov, 25 yaşlı Nahidə Sultanova və 27 yaşlı Bəylər İbrahimov Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Şuvi kənd sakini 30 yaşlı Yüsif Mirəli oğlu Məmmədov isə ağır kəllə beyin travması aldığından Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Lakin Yusif Məmmədovun həyatını xilas etmək mümkün olmayıb və o dünyasını dəyişib. 3 yaşlı Afət İbrahimova isə kliniki ölüm keçirib amma həkimlərin səyi nəticəsində onu həyata qaytarmaq mümkün olub. Məlumata görə, qəzaya səbəb sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi olub. Faktla bağlı araşdırma aparılır.


.