
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi və Astara Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri zamanı qanunsuz olaraq odlu silah və onun komplekt hissələrini saxlaması və gəzdirməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər Astara rayon sakini saxlanılıb.
Astara RPŞ-dən APA-ya verilən məlumata görə, saxlanılan şəxslərdən - Astara şəhər sakini, 1970-ci il təvəllüdlü Gülxan Zabitağa oğlu Əliyevdən bir ədəd naqan tipli odlu və bir ədəd pnevmatik silah, 700 qram narkotik vasitə olan heroin, 1 kiloqram tiryək və 100 qram narkotik vasitə olan "Anfetamin”, eyni zamanda Astara rayonunun Ərçivan və Şahağacı kənd sakinləri Ələddin Aydın oğlu Məmmədovdan, İqrar Nəriman oğlu Mirzəyevdən, Akif Boyli oğlu Nuriyevdən, Rəvan Allahverdi oğlu Rüstəmovdan, Abuzər Xandadaş oğlu Əhədovdan müxtəlif növdə və müxtəlif miqdarda narkotik vasitələr aşkar edilərək götürülüb.
Eyni zamanda onlarda 460 qram həşiş qətranı, bir ədəd maska aşkarlanıb.
Adları göstərilənlər şübhəli şəxs qismində saxlanılıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
.