Qazaxıstanın paytaxtı Astana şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Hökumət Başçıları Şurasının iclası çərçivəsində müxtəlif əməkdaşlıq sahələrinə dair 18 sənəd imzalanıb.

TASS xəbər verir ki, arlarında nüvə və ya radiasiya qəzası halında qarşılıqlı yardım sazişinin də olduğu sənədlər enerji maşınqayırması, məlumatlar mübadiləsi, tullantıların idarə edilməsi, humanitar məsələlər, əqli mülkiyyətin, ətraf mühitin mühafizəsi sahələrində əməkdaşlıq haqqındadır.

Eyni zamanda MDB ölkələrinin Hökumət Başçıları Şurasının iclasında 2019-cu ildə müştərək hava müdafiə sisteminin yaradılması və inkişaf etdirilməsinə maliyyə ayırmaq haqqında da qərar verilib. Bununla yanaşı, birgə kosmik tədqiqatlar aparılması da məqsəduyğun sayılıb. MDB qurumlarının 2019-2020-ci illər üçün vahid büdcəsi, Birliyin fəaliyyətinə dair başqa hüquqi və maliyyə sənədlər razılaşdırılıb.

Qeyd edək ki, Azərbaycanı iclasda Baş nazir Novruz Məmmədov təmsil edib.
.