Avropa Şurası Parlament Assambleyasının prezidenti Ann Brassör Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərərək ölkədə ifadə azadlığı və plüralizmə ciddi təhlükə olduğunu yazıb.

Ann Brassör oktyabrın 16-da göndərdiyi məktubunda qeyd edib ki, Azərbaycanda demokratiya, insan haqları, qanunun aliliyinin təmin olunması sahələrində vəziyyət olduqca pisləşir.

Azadliq.org bildirir ki, Azərbaycanın Avropa Şurasi qarşısında götürdüyü öhdəlikləri xatırladan Ann Brassör yazıb: "İnsan haqları fəalları və jurnalistlərin azadlıqdan məhrum olunmaları ilə bağlı son məhkəmə qərarları ölkədə ifadə azadlığı və plüralizmə sarsıdıcı təsir göstərir. Bunlar həmçinin Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə ziddir”.

Ann Brassör öz məktubunda xüsusilə narahatlıq doğuran konkret hallara diqqət çəkib. O yazıb ki, həbsdə olan insan haqları müdafiəçiləri və vətəndaş cəmiyyəti fəallarının qısnanması və alçaldılması, habelə onların üzərinə fiziki hücum halları baş verir.

Ann Brassör məktubunda İlqar Məmmədovun azadlığa buraxılmasını tələb edib.

Məktubda həmçinin prezidentdən İlqar Məmmədov və İntiqam Əliyev, habelə Leyla və Arif Yunuslarla bağlı vəziyyətə müdaxilə etməsi və məhbusların qısnanmasına son qoyulması istənilir.

AŞPA prezidenti xatırladıb ki, Azərbaycan İlqar Məmmədovun işi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin hökmünü indiyədək yerinə yetirməyib. Məhkəmənin qərarında onun dərhal azadlığa buraxılması tələb edilir.

Ann Brassör bu qüsurun aradan qaldırılması üçün İlham Əliyevin və onun administrasiyasının bu işə müdaxiləsini istəyib.

Xanım Brassör həmçinin diqqəti demokratik seçkilərin təşkili naminə AŞPA-nın və Venesiya komissiyasının tövsiyələrinə əməl edilməməsinə çəkib.

O məktubunda noyabrın 1-də keçiriləcək parlament seçkisinin Avropa Şurasının standartlarına uyğun təşkili üçün indiyədək verilən tövsiyələrin icrasına çağırıb.
.