Nazirlər Kabinetinin 78 yaşlı başçısının səhhətində ciddi problemlər yaranıb və özü rahatlığa çəkilmək istəyir; hakimiyyət daxilində yeni kompromat savaşı mümkündür, iqtidara yaxın məmur-oliqarxların bu xəbəri israrla təkzib etməsinin sirri...
Yerli KIVleri verdiyi melumata gore Baş nazir Artur Rasizadənin səhhətində ciddi problemlər var və o bir neçə gündür ki, işə çıxmır. Bu haqda redaksiyamıza məlumat hələ noyabrın 29-da daxil olsa da, bəzi etik səbəblərdən həmin məlumatı dərc etmədik. Həmin məlumatda bildirilirdi ki, A.Rasizadənin iş yerində vəziyyəti pisləşib və təcili yardım çağırılıb. Bundan sonra baş nazir dərhal xəstəxanaya aparılıb.
Məlumatlara görə, bu dəfə A.Rasizadənin baş nazir vəzifəsindən gedəcəyi yəqinləşib. Gözündəki ciddi problem onu faktiki işləməyə qoymur. Bu səbəbdən də hakimiyyət üçün ən uyğun baş nazir olan Rasizadə ilə vidalaşmağı zaman özü tələb edir.
Azərbaycanın ən uzun müddətli baş naziri kimi tarixə düşən A.Rasizadənin yanvarın ortalarınadək istefaya gedəcəyi mötəbər mənbələr tərəfindən israr edilir. Hakimiyyət kuluarlarında bu gözlənilən istefa artıq pıçıltı ilə müzakirə edilir də. Maraqlıdır ki, iqtidara daha yaxın məmur-oliqarxlar isə Rasizadənin gedəcəyi barədə xəbərləri israrla təkzib edirlər. Məlumatlı qaynaq iddia edir ki, bu həmin məmurların düşünülmüş taktikasıdır. "Çünki baş nazir postu uğrunda çoxillik mübarizə həlledici mərhələyə qədəm qoyur. Əgər Rasizadənin gedəcəyi xəbəri tirajlansa iqtidar daxilində ciddi kompromat savaşı başlayacaq. Bir qruplaşma başqa bir iddialı qruplaşma ilə toqquşacaq. Bu isə nə hakimiyyətin, nə də həmin iddialıların marağında deyil” deyə, qaynağımız bildirib.
Konstitusiyaya görə, baş nazir postu ölkənin ikinci dövlət vəzifəsi olduğundan Nazirlər Kabinetinin yeni rəhbərinin kimin olacağı hər zaman ciddi maraq doğurub. İllərdi bu vəzifəyə can atanlar siyahısında fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, maliyyə naziri Samir Şərifovun, nəqliyyat naziri Ziya Məmmədovun, baş nazirin birinci müavini Yaqub Eyyubovun, hətta spiker Oqtay Əsədovun da adı hallanıb. Amma istisna deyil ki, yeni baş nazirin adı sürpriz də ola bilər.
Baş nazirlə bağlı redaksiyamıza daxil olan məlumata münasibət öyrənmək üçün Nazirlər Kabinetinin mətbuat xidməti ilə əlaqə saxlamaq cəhdlərimiz nəticəsiz qaldı.
Məsələ ilə bağlı Nazirlər Kabinetinin mövqeyini də dərc etməyə hazırıq.
.
