Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Vaşinqtonda baş tutan görüşü effektiv qiymətləndirib.

Armen Qriqoryan bu barədə “Amerikanın Səsi” radiosunun erməni xidmətinə müsahibəsində deyib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi bildirib ki, sentyabrın 27-də Vaşinqtonda ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivanın da iştirak etdiyi üçtərəfli görüşdə regionda sülhün bərqərar olması ilə bağlı mövzular müzakirə olunub.

Onun sözlərinə görə, tərəflər Qarabağ, kommunikasiyaların açılması, delimitasiya, sərhəd təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə ediblər. Qriqoryan əlavə edib ki, bu mövzular regionda sabitliyə və sülhə gətirib çıxarır:

“Bu istiqamətlərdə biz necə irəliləyiş əldə edə biləcəyimizi aydınlaşdırmağa çalışdıq. Ermənistanla Azərbaycan arasında sülh sazişi bunlarla bağlıdır”.

Armen Qriqoryan xatırladıb ki, Ermənistan-Azərbaycan danışıqları digər formatlarda - xarici işlər nazirləri, Baş nazirlərin müavinləri və milli təhlükəsizlik xidmətinin rəhbərləri səviyyəsində aparılır. Bütün bunlarla yanaşı, Qriqoryanın sözlərinə görə, ölkə liderlərinin görüşləri də var və bu da digər formatlarda qeydə alınan irəliləyişlə bağlıdır.

Armen Qriqoryan Ermənistan və Azərbaycan sərhədində son hərbi toqquşmalar zamanı atəşkəsin əldə olunmasına da toxunub. O vurğulayıb ki, atəşkəs ABŞ-ın vasitəçiliyi ilə mümkün olub. Ermənistan Təhlükəsizlik Şurasının katibi diqqətə çatdırıb ki, ABŞ-ın regiona cəlb olunması müsbət təsir göstərir və əlavə təhlükəsizlik təminatı yaradır.

Qeyd edək ki, Armen Qriqoryanın müsahibəsi ötən gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə təxribata əl atmasından əvvəl baş tutub.

.