Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi bu gün davam edib.

Virtualaz.org saytınınprosesdə iştirak edən müxbirinin verdiyi məlumata görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə şahid ifadələri dinlənilib.

Leyla və Arif Yunusların məhkəməsində şahid qismində Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədov ifadə verdi.

Şahid qismində ilk olaraq jurnalist Anna Daqidaşvili ifadə verdi.

O, ifadəsində qeyd etdi ki, Tiflisdə konfransda olarkən Ermənistandan olan Laura adlı jurnalist ona yaxınlaşaraq L.Yunusla jurnalist kimi əməkdaşlıq etməyi təklif edib: "Dedi ki, Leyla Yunusun əlaqə nömrələrini mənə verə bilər. Sonradan Azərbaycana qayıtdıqdan sonra Leyla Yunus mənə zəng etdi ki, gəl, əməkdaşlıq edək. Mənim işim müsahibələr təşkil etməkdən ibarət idi. Buna görə mənə ayda 100-120 manat pul verirdi. Bəzən xaricdə olduğuna görə pulun verilməsi gecikirdi. Mənim VÖEN-im yox idi. Aldığım əməkhaqqını Leyla Yunusun verdiyi qəbzə qol çəkərək qəbul edirdim. Bir dəfə Leyla Yunus mənim üstümə qışqırdı və işimdən razı olmadığını bildirdi. Sonradan bizim əməkdaşlığımız dayandı”.

Digər şahid, jurnalist Əkbər Həsənov ifadəsində dedi ki, 19 ildir jurnalistika fəaliyyəti ilə məşğuldur: "Mən Leyla və Arif Yunusları tanıyıram. Onlarla jurnalist kimi ünisyyətdə olmuşam. 2006-cı ildə Arif Yunus mənə Ermənistana bir yerdə səfərə getməyi təklif etdi. Bu, mənim üçün maraqlı səfər idi, sırf Qarabağa görə. Mən Qarabağdan yazdığım üçün Ermənistandakı vəziyyət məni maraqlandırırdı. Ona görə də Arif Yunusun təklifini qəbul etdim və onlarla birgə Ermənistana getdim. Nümayəndə heyətinin tərkibinə Rauf Mirqədirov, Azad İsazadə, Arif Yunus da daxil idi. Arif Yunus Ermənistanda olanda bu ölkənin keçmiş milli təhlükəsizlik naziri David Şahnazaryanla sıx ünsiyyətdə olurdu. Onlar çox mehriban idilər, tez-tez pıçıldaşır, danışırdılar. Onların bu münasibətindən hələ o vaxt şübhələnmişdim”.

Hazırda MTN-in təcridxanasında saxlanılan jurnalist Rauf Mirqədirov ifadəsində dedi ki, Leyla və Arif Yunusları 1990-cı illərdən tanıyır: "2006-cı ildə onlarla birlikdə getdiyim Ermənistan səfərində koordinator Arif Yunus olub. Mənə konfrans təşkilatçılarından dəvətlər gəlirdi. Arifə qarşı heç bir iddiam yoxdur. İki dəfə Ermənistanda konfransda olmuşam. Hərəsində də 150 dollar almışam. Biz Ermənistanda olanda İran səfirliyi tərəfindən mənə təxribat təşkil olunmuşdu. Amma burada bu haqda danışmaq istəmirəm”.

Daha sonra Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı ifadə verdi. O, istintaqa ifadəsini təsdiqləyib dedi ki, Yunuslarla münasibətləri normal olub: "Amma mən onların layihələrində iştirak etməmişəm”.

Bundan sonra isə hazırda Avropada mühacirətdə olan hüquq müdafiəçisi Mətanət Əzizovanın istintaqa ifadəsi elan olundu. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiqlədi.

Leyla Yunus isə Mətanət Əzizovanın Çexiyadan siyasi sığınacaq almasına şəxsən özünün kömək etdiyini xatırlatdı.

Bununla da məhkəmə avqustun 5-nə təxirə salındı. Sabah sənədlərin tədqiqi mərhələsi başlayacaq.

Qeyd edək ki, ötən il iyulun 30-da Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Leyla Yunus barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2 (vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1 (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Arif Yunus isə ötən il avqustun 5-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 274-cü (dövlətə xəyanət) maddələri ilə ittiham elan edilib.

Onu da qeyd edək ki, bir müddət əvvəl istintaq orqanı tərəfindən hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.

* * *

Hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsindəki proses bu gün də yarıqapalı vəziyyətdə davam etdirilib.

Virtualaz.org saytının məhkəməni izləyən müxbiri bildirir ki, bir neçə səfirdən başqa məhkəmənin izləməyə gələn tanınmış ictimaiyyət nümayəndələri, jurnalistlər, beynəlxalq təşkilatların nümayəndələri zala buraxılmayıb. Kənarda qalanlar arasında Milli Şura sədri Cəmil Həsənli də var. Əsas qapıdan içəri heç ki buraxılmasa da, arxa qapıdan bəzi KİV nümayəndələri içəri keçib.
Məhkəmədə ifadə verib çıxan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib ki, Leyla Yunus vəkillərindən Məhkəmə Hüquq Şurasına müraciət etmələrini istəyib. O dünən onlara qarşı qanunsuzluğun olduğğunu deyib. Belə ki, Arif Yunusun vəziyyətinin pisləşməsinə baxmayaraq proses davam etdirilib.
Hazırda da məhkəmə binası qarşısında təcili yardım maşını gözləyir. Bu dəqiqələrdə Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlının və daha bir şahidin ifadə verəcəyi gözlənilir.
.