Arıçılıq qədim təsərrüfat sahəsi hesab edilsə də, hazırda bu sahə ilə az adam məşğul olur. Cəlilabadda bu sahəyə demək olar ki, bir neçə fərdi təsərrüfatlarda rast gəlmək olar. Min bir dərdin dərmanı hesab edilən arıçılıq gəlirli sahə hesab edilsə də, rayonda bu sahəyə maraq azalıb.Uzun illər Cəlilabadda arıçılıqla məşğul olan Əjdər Ağayevin sözlərinə görə son illər paytaxt Bakıda təşkil edilən yarmarkalarda arı məhsullarının satışının təşkili istehlakçıların işini qismən də olsa yüngülləşdirib. Ümumilikdə isə rayonda bu sahə ilə məşğul olmaq üçün münbit şərait mövcud olsa da arıçılığın kompleks inkişaf etdirilməsinə ehtiyac var.
Təsərrüfatçı Əjdər Ağayev: "Bunun üçün dövlət dəstəyi lazımdır.Dövlət dəstəyi həm maddi cəhətdən lazımdır həm də toplanan məhsulun tədarükü üçün lazımdır.”
Apardığımız araşdırmalar göstərdi ki, rayon üzrə Baytarlıq idarəsində qeydiyyatından yalnız 4 təsərrüfat keçib. Qalan təsərrüfatlar isə nəzarətdən kənar fəaliyyət göstərir. Arıçılar bunun əsas səbəbini bu sahə üzrə peşəkar mütəxəssislərin olmaması ilə əlaqələndirirlər. Təsərrüfat sahibləri arı ailələrinə düşən xəstəliklərlə mübarizəni illərin təcrübəsinə əsaslanaraq aparırlar.
Təsərrüfatçı Əjdər Ağayev: "Mənə elə gəlir ki, respublikamızda hələ ki yetərincə mütəxəssis yoxdur.”
Mütəxəssislərində az olması ucbatından rayonda arıçılıqla məşğul olanların sayı azalır. Ötən təsərrüfat ili arıçılar üçün uğurlu hesab edilsə də hazırda məhsuldarlıq aşağı düşüb. Buna səbəb kimi bir tərəfdən Muğan ərazisində arılara düşən xəstəlik digər tərəfdən isə dağ ətəyi təsərrüfatlarda pətəklərə olan arı hücumları göstərilir.
Təsərrüfatçı Əjdər Ağayev: "Yad arılar,oğru arılar qənimət əldə etmək üçün, yəni bal əldə etmək üçün gəlirlər. Bir ailənin üzərinə çoxlu sayda oğru arılar gəlirsə bu zaman arı hücumu baş verir.”
Təcrübəli arıçı deyir ki, hazırda arılar qışlama dövrünü keçir. Təbiətin oyanmasını gözləyən arı ailələri mart ayından etibarən bal yığımına başlayacaqlar.
