Dövlət Neft Şirkətinin (ARDNŞ) "Neftqaztikinti” trestində çalışan işçilərə ixtisarlarla bağlı xəbərdarlıq edilib.
Bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı məlumat verib.
Hüquq müdafiəçisi dedi ki, trestə tabe olan bir neçə qurum struktur islahatları nəticəsində ləğv ediləcək: "Təşkilatımıza ixtisarlarla bağlı müraciətlər daxil olur. Hazırda "Neftqaztikinti” trestində 4 mindən artıq işçi var. İxtisarlar daha çox mühəndis və texniki işçilərə şamil ediləcək”.
M.Qəhrəmanlının sözlərinə görə, trestdə çalışanların sayı yarıya qədər azaldıla bilər. Buna görə də ixtisarlar aparılarkən ədalət prinsipinin qorunmasına nəzarət ediləcək.
Qeyd edək ki, "Neftqaztikinti” "Azərdənizneftinşaat” və "Xəzərdənizneftqaztikinti” trestlərinin bazasında yaradılıb. Trest bütün regionlarında, o cümlədən "Günəşli” və "Neft Daşları” yataqlarında, Qum adası, Pirallahı, Çilov, Xərə-Zirə və digərlərində sifarişçi təşkilatlar üçün podratçı olaraq xidmətlər göstərir. Qurum dənizdə və quruda müxtəlif diametrli magistral neft-qaz-su boru kəmərlərinin, qaz-kompressor stansiyalarının, yeraltı qaz saxlama anbarlarının, dəniz estakadalarının, liman və liman qurğularının tikintisini həyata keçirir. Yataqların elektrik təchizatı sisteminin qurulması, mülki tikinti, dəmir-beton məmulatlarının istehsalı, asfalt-beton istehsalı, magistral yolların, küçə və meydançaların tikintisi və asfalt-beton örtüklənməsi də bu trestin xidmətlərinə daxildir.
Trestin tərkibinə 8 tikinti-quraşdırma idarəsi, təmir-tikinti, yol tikinti. səyyar mexanikləşdirilmiş sənaye tikinti idarələri, Dəmir Beton Məmulatları Zavodu daxildir. Trestin Gürcüstan nümayəndəliyi və Əbu Dabi filialı var.
Gürcüstan nümayəndəliyi Gürcüstan ərazisində neft və qaz boru kəmərlərinin və digər hidrotexniki qurğuların tikintisi, həmçinin infrastruktur layihələrinin icrası ilə məşğul olur.
Əbu Dabi filialı isə Birləşmiş Ərəb Əmirliklərinin (o cümlədən Əbu Dabi Əmirliyinin) və körfəz ölkələri ərazisində neft-qaz boru kəmərlərinin və digər hidrotexniki qurğuların tikintisi ilə məşğul olur.
.