Rövnəq Abdullayevin qohumu vitse-prezident Mikayıl İsmayılovu niyə döyüb?

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) Naxçıvan və Ağsu quruplaşması arasında gərginlik yaranıb. Bu barədə yenizaman.az-a ARDNŞ-də çalışan mənbənin verdiyi məlumata görə, hər iki quruplaşmanın arasında yaranan gərginliyə səbəb Rövnəq Abdullayevin vəzifədən kənarlaşdırılması olub. Redaksiyamıza daxil olan məlumata görə, uzun müddətdir ki, sözü gedən şirkətdə Ağsu quruplaşması Rövnəq Abdullayevin vəzifədən uzaqlaşdırılması üçün dəridən-qabıqdan çıxır. Maraqlısı odur ki, ARDNŞ-də kök salan Ağsu qurplaşmasının arxasında əmək və əhalinin sosial müdafəsi naziri Səlim Müslümovun dayandığı iddia edilir. Belə ki, Səlim Müslümova yaxınlığı ilə seçilən , ARDNŞ-in ümumi məsələlər üzrə vitse-prezidenti Mikayıl İsmayılov artıq xeyli müddətdir ki, şirkətdə əsas söz sahiblərindən birinə, avtoritet kimi qəbul olunan Ağsu qruplaşmasına başçılıq edir. Onun başçılıq etdiyi qruplaşma isə ARDNŞ-in əsas gəlirli postlarını bir-bir öz nəzarəti altına almaqdadır. Məsələn son bir neçə ildə məhz Mikayıl İsmayılovun səyləri nəticəsində əslən Ağsundan olan şəxslər ARDNŞ-də müxtəlif vəzifələrə təyin edilib. Belələrindən biri Çilov adasında yerləşən 28 may Neft və Qaz Çıxarma İdarəsinin sosial məsələlər üzrə rəis müavini Ələddin Mürsəlovdur. Əslində bu kiçik vəzifə görünsədə Ələddin Mürsəlov Mikayıl İsmayılovun "krışalığı” nəticəsində böyük işlərə imza atır. Əvəllər "JEK” rəisi vəzifəsində çalışan Ələddin Mürsəlov ARDNŞ-ə gətirildikdən sonra sözün əsl mənasında "gözə görsənməyən” oliqarxa çevrilib. Mənbənin sözlərinə görə, vəzifədə olduğu son 5-6 il ərzində Ələddin Mürsəlov Çilov adasının artıq sahibinə çevrilib. Adaya gətirilmiş texnika və s. avadanlıqlar birmənalı şəkildə Ə.Mürsəlovun həzm rentabelindən keçirilir. Vəziyyət o həddə çatıb ki, Ə.Mürsəlov aylıq beş min manat olan məvacibinə ehtiyyacı olmadığı üçün həmin pulu sürücüsünə verir. Əslində Ələddin Mürsəlovun müssiyası Rövnəq Abadullayevin adamı kimi tanınan 28 may Neft və Qaz Çıxarma İdarəsinin rəisi vəzifəsində çalışan və bu yaxınlarda təqaüdə çıxacağı gözlənilən Rövşən Ağayevin yerinə gəlməkdir.
Mənbə daha sonra bildirir ki, Ağsu quruplaşmasına daxil olan digər şəxs isə bir neçə il öncə "Azneft" İstehsalat Birliyinə yeni rəhbər təyin edilən Daşqın İsgəndərovdur. Əslən Şamaxı rayonundan olmasına baxmayaraq Daşqın İsgəndərov da Naxçıvan quruplaşmasına qarşı savaş açıb. Artıq ARDNŞ-də açıq aşkar R.Abdullayevin yaxın çevrəsi təqib edilməyə başlanılıb. R.Abdullayevin yaxın ətrafına daxil olan bir neçə yüksək vəzifəli şəxsin adı M.İsmayılovun "qara siyahı”sındadır. Onlardan biri də ARDNŞ Təhlükəsizlik İdarəsinin rəisi, R.Abdullayevin yaxın qohumu Rəşad Əliyevdir. Məhz M.İsmayılovun səyləri nəticəsində ARDNŞ-in Təhlükəsizlik İdarəsi parçalanıb. R.Abdullayev isə qohumu Rəşad Əliyevi müdafiə edə bilməyib. Bundan qəzəblənən Rəşad Əliyev əsəbləri dözməyib Mikayıl İsmayılovun otağına gələrək onu bərk döyüb. Hadisə təxminən 7-8 ay bundan əvvəl baş verib. Bu insidentdən sonra məsələyə "yuxarılar” qarışıb. Bu hadisə isə daxili çərçivədə həllini tapıb.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
.