Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Yeni il hədiyyə qutularının satışının artması ilə əlaqədar istehlakçılara müraciət edib.

AQTA-dan  daxil olan müraciətdə bildirilir ki, uşaqlar üçün şirniyyatla dolu hədiyyə qutuları yalnız mağaza, yarmarka və digər rəsmi satış yerlərindən alınmalıdır.

Qeyd olunub ki, bəzi hallarda qutunun üzərində göstərilən tarix içərisindəki məhsulların deyil, qablaşdırmanın tarixi olur.

Ona görə də istehlakçılara qutudakı məhsulların etiket məlumatlarına diqqət yetirməsi tövsiyə olunur.

Müraciətdə bildirilir ki, məhsulların üzərində istehsal tarixi, yararlılıq müddəti, adı, əmtəə nişanı, xalis çəkisi, qida dəyərliliyi, eləcə də istehsalçı müəssisənin adı və ünvanı aydın və oxunaqlı şəkildə göstərilməlidir.

Sadalananlarla yanaşı, hədiyyə qutularının qablaşdırılmasının deformasiyaya uğramamasına, əzilməməsinə və korlanmamasına diqqət yetirilməlidir. Xüsusi saxlanma şəraiti tələb edən, müvafiq temperatur rejimi qorunmadıqda tez xarab olan yoqurtlar, kremli qənnadı məhsulları və kəsmik içlikli məmulatların bu cür qutulara yerləşdirilməsi məqsədəuyğun deyil.

.