Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı və Medianın İnkişafı Agentliyinin (MEDİA) dəstəyi ilə media subyektlərinin nümayəndələri üçün təlim keçirilir.
“Qida zəncirinin əsas mərhələlərindən biri olan qida məhsullarının daşınması xidmətinin tənzimlənməsi və bu sahədə ictimai nəzarətin rolu” mövzusunda təşkil olunan təlimdə 30-a yaxın jurnalist iştirak edir.
AQTA-nın fəaliyyətə başladığı dövrdən etibarən qida zəncirinin bütün mərhələləri üzrə əsas istiqamət kimi apardığı maarifləndirmə xəttinin davamı olaraq, növbəti təlim qida məhsullarının daşınması və çatdırılması xidmətlərinin tənzimlənməsi və bu sahədə ictimai nəzarətin rolu barədə jurnalistlərin peşəkarlığının, bu sahədə biliklərinin artırılması və ictimai nəzarətin gücləndirilməsi məqsədi ilə keçirilir.
Təlim qida məhsullarının daşınmasının müvafiq tələblərə uyğun həyata keçirilməsi, bu zaman sanitar-gigiyenik qaydalara, xüsusi temperatur rejiminə, mal qonşuluğu, eləcə də soyuq və isti zəncir prinsiplərinə əməl olunması və burada ictimai nəzarətin əhəmiyyətinə həsr olunub.
Təlimin açılışında AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev Agentlik tərəfindən qida zəncirinin bütün mərhələləri, o cümlədən də daşınma, çatdırılma xidmətləri ilə bağlı mütəmadi olaraq maarifləndirici tədbirlərin keçirildiyini bildirib.
M.Piriyev bu istiqamətdə ictimai nəzarətin təmin olunmasında media nümayəndələrinin rolunun xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
MEDİA-nın Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli isə media nümayəndələrinin peşəkarlığının yüksəldilməsi və sahəvi jurnalistika təlimlərinin keçirilməsinin vacibliyini diqqətə çatdırıb, AQTA tərəfindən növbəti belə tədbirin təşkil edilməsinin təqdirəlayiq hal olduğunu vurğulayıb.
Təlimdə AQTA-nın Aparat rəhbəri Elxan Mikayılovun “Qida zəncirinin mühüm mərhələlərindən biri olan qida məhsullarının daşınması və çatdırılması zamanı əməl edilməsi vacib qaydalar, qanunvericilik və Agentlik tərəfindən həyata keçirilən tənzimləmə işləri”, Qeydiyyat və reyestrlərin aparılması şöbəsinin müdiri Əkbər Əliyevin “Qida sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatı, qeydiyyatın əhəmiyyəti və sahibkarlar üçün yaratdığı imkanlar”, Qida zəncirinə nəzarət şöbəsinin müdiri Elşad Cəbrayılovun “Daşınma və çatdırılma zamanı aşkarlanan uyğunsuzluqlar və Agentlik tərəfindən həyata keçirilən nəzarət tədbirləri”, İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyevin “Qida məhsullarının daşınması sahəsində fəaliyyətin qanunvericiliyə uyğun tənzimlənməsində ictimai nəzarətin rolu” mövzusunda təqdimatlarla çıxış etməsi nəzərdə tutulur.
Təlimin sonunda AQTA və MEDİA-nın rəhbərliyi tərəfindən təlimdə iştirak edən jurnalistlərə müvafiq sertifikatlar təqdim olunacaq.
.