Bitki virusunun iqtisadi zərərləri ortaya çıxdığına görə bir sıra ölkələr öz sərhədlərindən bu virusun daxil olmaması üçün profilaktik tədbir kimi məhdudiyyətlər tətbiq edir.

Bunu Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini Balarəhim Quliyev bildirib.

Onun sözlərinə görə, artıq Rusiya 2020-ci ildən etibarən Ermənistandan və qardaş Türkiyə Cümhuriyyətindən daxil olan pomidorda qonur qırışıqlıq virusunun aşkar olunması ilə əlaqədar müvafiq vilayətlərə məhdudiyyət tətbiq edib: "Bu ilin əvvəlindən isə Türkmənistan, Özbəkistan və Qazaxıstandan daxil olan pomidor bitkisində bipinomozaik virusunun aşkar olunması ilə əlaqədar həminm ölkələrin müvafiq vilayətlərinə qadağa tətbiq edib. Azərbaycana da artıq bununla bağlı müəyyən siqnallar daxil olmaqdadır. İlk dəfə bu ilin aprelin 23-də Azərbaycanda fəaliyyət göstərən “Gözəl təbiət” MMC təsərrüfatına məxsus pomidor bitkisində Rusiyadan qonur qırışıqlıq virusunun aşkarlanması ilə balı bizə bildiriş daxil olub. Dərhal AQTA-nın mütəxəssisləri tərəfindən müəssisədə monitorinq keçirilib. Məhsullardan götürülən nümunələr həm AQTA-nın laboratoriyasına, həm də Türkiyənin Kənd Təsərrüfatı Nazirliyinin araşdırmalar laboratoriyasına göndərilib. Lakin müayinələrin nəticələrinə əsasən, nümunələrdə virus aşkar olunmadı. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin nümayəndələri mayda Azərbaycanda səfərdə olan zaman həmin təsərrüfata baxış keçirib. Yenə də nümunələr götürülüb Rusiyaya göndərildi və nəticələrə görə virus aşkar olunmadı. Ona görə də həmin təsərrüfata tətbiq olunan məhdudiyyət aradan qaldırılıb".

Onun sözlərinə görə, sonrakı dövrdə isə Azərbaycanda fəaliyyət göstərən “Can aqro” və “Geotermal aqro” MMC-lərin məhsullarında epina mozaik, eyni zamanda “Lokal garden” MMC-nin yük partiyasında isə qonur qırışıqlıq viruslarının aşkar olunması ilə əlaqədar Azərbaycana bildirişlər daxil olub. Bununla əlaqədar, AQTA yenidən həmin müəssisələrdə monitorinqlər keçirib: "Ancaq bu bildirişlər gec daxil olduğuna və hazırda istilikxanalar öz məhsullarını istehsal edib bitirdiyinə görə monitorinq zamanı orada məhsula rast gəlmədik. Amma aldığımız məlumata uyğun olaraq həmin müəssisələrdə ştillər yığışdırılıb, xüsusi qaydada yandırılıb, basdırılıb və müəssisələr dezinfeksiya olunub. Yəni biz, profilaktik olaraq tədbirlər həyata keçirmişik".
 

.