Aqrar sığorta Qaydalarında dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, sel və ya subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntılar risklərinə münasibətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri və s.) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd olduqda sığorta ödənişi həyata keçiriləcək.

Digər dəyişikliklə kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının sığortası üzrə artıq pambıq, günəbaxan, soya, yonca, noxud, yaşıl noxud, alça, albalı, alma, armud, çiyələk, ərik, gavalı, gilas, heyva, xurma, nar, şaftalı, zeytun, badam, qoz, soğan, kələm, qarpız, yemiş (qovun), pomidor, sarımsaq və darı da sığortanın predmeti hesab olunacaq.

Sığorta predmeti hesab olunan kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının aşağıdakı hissələrinə sığorta təminatı veriləcək:

- buğda, arpa, çəltik, dən məqsədilə yetişdirilən qarğıdalı, günəbaxan, soya, noxud, yaşıl noxud və darı - dən
- pambıq - lif;
- şəkər çuğunduru - kökümeyvə;
- kartof - kökyumrusu;
- soğan, sarımsaq - soğanaq;
- tütün - yarpaq;
- kələm - növlərindən asılı olaraq baş, gövdə, yarpaq və ya çiçək;
- çay - məhsul təminatına dair müqavilələrdə yarpaq, şitil və ya kol təminatına dair müqavilələrdə müvafiq olaraq şitil və ya kol;
- portağal, limon, naringi, üzüm, fındıq, alça, albalı, alma, armud, ərik, gavalı, gilas, heyva, xurma, nar, şaftalı, zeytun, badam, qoz - məhsul təminatına dair müqavilələrdə meyvə, ting və ya ağac təminatına dair müqavilələrdə müvafiq olaraq ting və ya ağac;
- yemlik qarğıdalı (silos), yonca - bütün yaşıl hissə;
- çiyələk - məhsul təminatına dair müqavilələrdə meyvə, şitil və ya kol təminatına dair müqavilələrdə müvafiq olaraq şitil və ya kol;
- pomidor, qarpız və yemiş (qovun) - məhsul təminatına dair müqavilələrdə meyvə, şitil təminatına dair müqavilələrdə şitil.

Qərara əsasən, sığorta tələbi qrunt sularının səviyyəsinin artması nəticəsində əmələ gələn zərərlərlə bağlı olduqda; sığorta tələbi sel və ya subasma riskinin baş verməsinin qarşısının alınması məqsədilə quraşdırılan maneələrlə göl, çay, dərə və kanallar arasında qalan ərazilərdə əkilmiş bitkilərin məhsullarına dəyən zərərlə bağlı olduqda sığorta təminatı verilmir.

Azərbaycanda xırdabuynuzlu heyvanlar sığortalanacaq

Xırdabuynuzlu heyvanlar aqrar sığortanın predmeti sırasına daxil edilib.

Bu, Nazirlər Kabineti bununla bağlı “Aqrar sığorta predmetinin Tərkibi”ndə müvafiq dəyişiklik edib.
Beləliklə, 11-ci gündən 5 yaşa qədər xırdabuynuzlu heyvanlar sığortalanacaq.
Eyni zamanda sığortalanan iribuynuzlu mal-qaranın əhatə dairəsi də genişlənib. İndiyə qədər 1 yaşdan 7 yaşa qədər südlük inək və camışlar aqrar sığorta predmeti olub. Dəyişikliyə əsasən, artıq südlük istiqaməti üzrə 11-ci gündən 7 yaşa qədər, ətlik istiqaməti üzrə 11-ci gündən 3 yaşa qədər iribuynuzlu mal-qara sığortalanacaq.

.