Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) Quba, Qusar və Xaçmaz rayonlarındakı təsərrüfatlara mediatur təşkil edib, şimal bölgəsindəki həyata keçirilən aqrar layihələr mediaya təqdim olunub.
"Report"un Şimal bürosunun məlumatına görə, səfər zamanı bölgədə fəaliyyət göstərən təsərrüfat subyektlərinə – meyvə və fındıq bağlarına, eləcə də aqroturizm və heyvandarlıq təsərrüfatlarına baxış keçirilib.
Media nümayəndələrinə AKİA-nın kənd təsərrüfatı istehsalçılarına təqdim etdiyi dəstək mexanizmləri barədə ətraflı məlumat verilib.
Bildirilib ki, agentlik tərəfindən əkin, məhsul, toxum, barama və heyvan subsidiyaları, həmçinin texnika və avadanlıqlar, müasir suvarma sistemləri, soyuducu anbar kompleksləri və damazlıq heyvan alışı güzəştli şərtlərlə maliyyələşdirilir.
Eyni zamanda, bu dəstəklərdən yararlanan nümunəvi təsərrüfatlarda qurulan infrastruktur, əldə olunan real nəticələr və həyata keçiriləcək yeni layihələr diqqətə çatdırılıb.
Bundan başqa, AKİA-nın fermerlərin maliyyə resurslarına çıxışını asanlaşdıran, dəstək mexanizmlərindən istifadəni sadələşdirən, aqrar sahənin inkişafını stimullaşdıran tədbirlər gördüyü vurğulanıb.
Vurğulanıb ki, qurum kənd təsərrüfatının dayanıqlı inkişafı, fermerlərin rifahının yüksəldilməsi və onların davamlı maarifləndirilməsi istiqamətində müxtəlif layihələr həyata keçirir.
.
