Ankarada Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və ölkəmizin mədəniyyətinin beynəlxalq arenada təmsil etmək məqsədi ilə yaradılan “Ankara Azərbaycan Mədəniyyət və İncəsənət Dərnəyi”nin birgə təşkilatçılığı “Bu zəfər hamımızın ortaq zəfəri” adlı tədbir keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, tədbirdə Ankarada fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, siyasi qurumların nümayəndələri, ziyalılar, tələbələr, mətbuat nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Türkiyə təmsilçisi, yazıçı - jurnalist Oktay Hacımusalı bildirib ki, II Qarabağ savaşında bütün Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx surətdə birləşərək böyük bir zəfərə imza atdı. Multikulturalizmin, dini, milli və irqi dözümlülüyün önəmindən danışan jurnalist bu zəfərin qazanılmasında dinindən, dilindən, irqindən asılı olmayaraq hər bir ölkə vətəndaşının rolunun danılmaz olduğunu vurğulayıb.

“Anka Azərbaycan Mədəniyyət və İncəsənət Dərnəyi”nin sədri, araşdırmaçı yazar Derya Akdemir Azərbaycanın mədəniyyətinin, incəsənətinin qədimliyindən, bu qədimliyin siyasi - ideoloji düşüncəyə də ciddi mənada təsir etdiyini bildirib. O, qeyd edib ki, bu zəfəri təkcə Azərbaycanla Türkiyənin deyil, bütövlükdə türk dünyasının zəfəri hesab edilməlidir.
Türkiyənin Azərbaycandakı sabiq hərbi atteşesi, ehtiyatda olan general Yücel Karauz, Yenidən Refah Partiyası sədrinin I müavini Doğan Bekin, əfsanəvi Sultan bəyin nəvəsi Nəcib Laçın, İç Anadolu Dərnəyinin sədri İsmət Taş, Osmanlı Səfərbərlik Xalq Hərəkatının sədri Məhmət Barbaros Öztürk bu savaşda hər zaman olduğu kimi Azərbaycanın və Türkiyənin bir birinə mənəvi dəstək verərək zəfərə addım - addım irəlilədiyini bildiriblər. Tədbirdə şeirlər, musiqilər, mövləvi və Türkiyənin məşhur “Efe” rəqsləri səsləndirilib, Vətən Müharibəsində qazanılan zəfərə dair videoçarx nümayiş olunub.

.