Rusiya Federasiya Şurasının üzvü: "Həmin videoçarxın Azərbaycanın Rusiyadakı səfiri ilə razılaşdırıldığı barədə məlumatlar da yanlışdır"

"Kazanda keçirilən "Avrasiya inteqrasiyası: nailiyyətlər və problemlər" adlı ikinci ictimai Forumda Azərbaycanın nə ərazi bütövlüyünü pozan xəritə və nə də videoçarx nümayiş olunub. Nümayiş olunan xəritədə Azərbaycanın ərazi bütövlüyü tam şəkildə, yəni, beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədlər şəklində verilib. Nümayiş olunan videoçarxda isə postsovet məkanında olan münaqişə ocaqları göstərilib. Bu zaman da Azərbaycanın ərazi bütövlüyü pozulmayıb". Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Kazanda keçirilən "Avrasiya inteqrasiyası: nailiyyətlər və problemlər" Forumunun təşkilatıçısı, Rusiya Federasiya Şurasının üzvü, senator Andrey Klimov bildirib.
Onun sözlərinə görə, Kazanda keçirilən Forumun yekunlarına dair kitab da nəşr olunub: "Həmin kitabın üz qabığında da xəritə əks olunub. Həmin xəritədə Azərbaycanın ərazisi olduğu kimi verilib. Başqa cür ola da bilməz. Çünki Avrasiya İqtisadi Birliyinə daxil olan ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Videoçarxda nümayiş olunan xəritəyə gəldikdə isə, burda anlaşılmamazlıq yaranıb. Belə ki, videoçarxda 1991-ci ildə SSRİ-nin dağılması barədə söhbət açılıb və burada Sovetlər İttifaqı dağılandan sonra münaqişələrin yarandığı barədə məlumat verilib. Yaranan münaqişələr xəritədə işarələnib. Bu konfliktlər: Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya, Cənubi Osetiya və s.-dir. Burada heç bir ölkənin ərazi bütövlüyünün pozulmasından söhbət gedə bilməz. Sadəcə olaraq münaqişə ocaqları xəritədə işarələnərək göstərilib. Dağlıq Qarabağ nə ayrıca dövlət kimi, nə də Ermənistanın tərkibində göstərilməyib. O cümlədən o biri münaqişə ocaqları... Krım da Ukraynanın tərkibində göstərilib. Əgər münaqişə zonası Ermənistanın ərazisi kimi işarələnsəydi, mən buna görə üzür istəyərdim, cavabdeh əməkdaşlarımızı isə cəzalandırardıq.
O ki qaldı, Forumda nümayiş olunan videoçarxın əvvəlcədən Azərbaycanın Rusiyadakı səfirliyi ilə razılaşdırılması məsələsinə, deyə bilərəm ki, forum keçirilməmişdən 10 gün qabaq foruma dəvətli ölkələrin səfirləri Rusiya Xarici İşlər Nazirliyinə dəvət olunub. Burada onlara forumda müzakirə olunacaq məsələlər barədə bildirilib, o cümlədən həmin videoçarx nümayiş olunub. Lakin Azərbaycanın səfiri Polad Bülbüloğlu müəyyən obyektiv səbəblər üzündən həmin dəvətə qatıla bilməyib. Mətbuatda məlumat yer alıb ki, güya, biz videoçarxı səfirlə razılaşdırmışıq. Bu tamamilə yalnışdır. Birincisi, biz keçirəcəyimiz forumda görəcəyimiz işləri heç kəslə razılaşdırmırıq. Çünki, burada razılaşdırılmağa ehtiyac olan heç bir şey yoxdur. Biz forum keçirilməmişdən 10 gün qabaq həmin videoçarxı nümayiş etdirmişik. Bizə Azərbaycan tərəfdən heç bir sual ünvanlanmayıb. Hətta Rusiya XİN-də keçirilən görüşdə səfir və ya səfirliyin nümayəndəsi iştirak etsəydi belə, bizə videoçarx barədə sual ünvanlana da bilməzdi. Çünki, həmin videoçarxda deyildiyi kimi Dağlıq Qarabağ Azərbaycanın tərkibindən çıxarılmayıb. Bu, ola da bilməz. Çünki Rusiya rəhbərliyinin bu barədə rəsmi mövqeyi var. Bu mövqe ondan ibarətdir ki, Dağlıq Qarabağ Avrasiya İqtisadi Birliyinin ərazisinə daxil deyil. Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik mövqeyini davam etdirir. Hesab edirik ki, münaqişə ancaq sülh yolu ilə həll oluna bilər. Rusiya Dağlıq Qarabağı nə müstəqil dövlət kimi, nə də Ermənistanın ərazisi kimi tanıyır".
Rusiyalı senator Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlığın iki formasının olduğunu söyləyib: "Bu layihə ilə əməkdaşlığın bir növu daxildən əməkdaşlıqdır. Bu əməkdaşlıq təşkilata üzv olmaqla mümkündür. İkinci növ əməkdaşlıq isə xaricdən əməkdaşlıqdır. Misal üçün Kambocca Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlıq etmək istəyir. Rusiya heç kəsi bu birliyə məcburən qoşmaq istəmir. Sadəcə olaraq futbol oyununda oluduğu kimi hərə öz komandasını yığır. Hər bir ölkənin bir komandada iştirak haqqı var. Bu həmin ölkəyə müəyyən güzəştlər verir. Avrasiya İqtisadi Birliyində də təmsil olunmaq həmin ölkəyə bır sıra məsələlərdə güzəştlər verəcəkdi. Eyni güzəştləri həm Avrasiya İqtisadi Birliyində, həm də Avropa Birliyində təmsil olunaraq qazanmaq mümkün deyil. Fikrimcə, Azərbaycan müəyyən perspektivdə Avrasiya İqtisadi Birliyinə daxil ola bilər. Bu Azərbaycana sərfəli olar. Çünki biz Avropa Birliyində olan bütün ən yaxşı standartları götürmüşük. İkincisi isə Avrasiya İqtisadi Birliyi bir başa BRİCS ölkələrinə çıxışdır. BRİCS böyük ərazidir, 4 milyard əhali deməkdir. Hesab edirəm ki, Rusiya-Azərbaycan strateji tərəfdaş ölkələrdir. Hər iki ölkə liderləri görüşlərində dediyim məsələləri müzakirə edirlər.
Lakin məlumdur ki, burada münaqişə zonası var. Hesab edirəm ki, Avrasiya İqtisadi Birliyinin damı altında bu münaqişəni həll etmək mümkündür. Rusiya və Avrasiya İqtisadi Birliyinə üzv olan digər ölkələrin Ermənistanı BMT-nin tanıdığı sərhədlər çərçivəsində Birliyə üzvlüyə qəbul etməsi ilə bağlı qərarı bunu deməyə əsas verir. İnanmıram ki, indiki şərtlərdə Azərbaycan rəhbərliyi Avrasiya İqtisadi Birliyinə inteqrasiya yolu ilə getsin. Lakin onu da istisna etmirəm ki, bu nə vaxtsa baş verəcək. Rusiya-Azərbaycanla ikitərəfli əlaqələrini daha da möhkəmləndirir və bunu etməkdə davam edəcək.
Bir nüansı da qeyd etmək istəyirəm. Müasir Rusiya-Türkiyə münasibətləri bu gün onu deməyə əsas verir ki, Türkiyə Avrasiya İnteqrasiya prosesinin aktiv oyunçusuna çevrilə bilər. Söhbət burada Türkiyənin təşkilata üzvlüyündən deyil, sadəcə olaraq Avrasiya inteqrasiya prosesində aktiv iştirakından gedir. Hesab edirəm ki, ancaq bundan sonra Azərbaycan da bu barədə hansısa nəticəyə gələcək".
.