“Əhalinin sosial müdafiəsinin təmin edilməsi iqtisadi inkişafın əsas məramı kimi müəyyən olunub və bu siyasət Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilir, aztəminatlı təbəqəyə dövlət qayğısı ilbəil artır. Bu bir həqiqətdir ki, dövlət bütün aztəminatlı ailələrin, o cümlədən çoxuşaqlıların, pensiyaçıların, tənha və ahılların, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin əsas dayağına çevrilib. Respublikamızda həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca məqsədlərindən biri də vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi və əhalinin sosial müdafiəsinin təmin edilməsidir. Bu məqsədlə 2018-ci ilin əvvəli ilə müqayisədə ölkəmizdə orta aylıq nominal əmək haqqı məbləği 39%, əmək pensiyalarının orta məbləği 60%, sosial müavinətlərin orta məbləği 2 dəfə, Prezidentin təqaüdlərinin orta məbləği 2,2 dəfə artırılıb. Ümumilikdə isə 900-dən çox normativ-hüquqi akt əhalinin sosial rifahın yaxşılaşdırılmasına xidmət edən sənədlər olub və sosial təminat növləri üzrə ödəniş alanların sayı 160 min nəfər artaraq 2,4 milyonu ötüb”. Bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı da əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirlərin davamı kimi, əhatə dairəsini daha da genişləndirmək məqsədi daşıyır. Sərəncam əsasən həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasını təmin edir. Bu sənəd beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarının yumşaldılması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır. Beləliklə, aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin dəyişdirilməsi onların gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılır. Bu məqsədlə Nazirlər Kabinetinə əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlanması və dövlət başçısına təqdim edilməsi tapşırılır. Həmin təkliflərin hazırlanmasına artıq başlanıb.
Millət vəkilinin sözlərinə görə, ümumilikdə “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” yeni Sərəncam ölkəmizdə sosial inkişafın davamlı xarakter almasını, sosial ödənişlərdə ciddi artımları təmin edən islahatların növbəti mərhələsinə keçidi təmin edir və ümumilikdə 1 milyon 800 min nəfərədək vətəndaşımızın rifahının daha da yaxşılaşmasına xidmət edəcək: “Bütün bunlar ölkə vətəndaşlarının güzəranının yaxşılaşdırılması üçün atılan növbəti addımdır və sosial rifahın yüksəldilməsinə dair həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin miqyasının getdikcə artdığını göstərir. Şübhəsiz ki, bu islahatların başında Azərbaycan vətəndaşının maraqları və onun rifah halının yaxşılaşdırılması, həmçinin sosial ədalət və humanizm prinsipləri durur. Digər sahələrdə də həyata keçirilən islahatlar, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün göstərilən səylər onu deməyə əsas verir ki, bunlar ölkənin dinamik inkişaf etməsinə və yoxsulluğun daha da azalmasına səbəb olacaq. Əminliklə deyə bilərik ki, bu islahatlar ölkədəki sabitliyin, iqtisadi inkişafın nəticəsidir.
Prezident İlham Əliyevin ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə dair həyata keçirdiyi işlərin miqyası isə gündən-günə genişlənir. Sosial sahədə atılan mütərəqqi addımlar Azərbaycan vətəndaşının maraqlarının dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayandığını bir daha təsdiqləyir”.

.