Milli Məclisin deputatı Anar Məmmədovun Yenizaman.az-a müsahibəsi. 


1.Avropa Şurasının Parlament Assambleyasında Azərbaycanin əleyhinə qarşı siyasət aparılır.Biz bunlara qarşı nə etməliyik ?    
Hazırda beynəlxalq aləmdə  mürəkkəb geosiyasi proseslərin getdiyinə, münaqişələrin və qarşıdurmaların alovlanmasına baxmayaraq,  Azərbaycan nüfuzlu beynəlxalq qurumlarla münasibətlərini  getdikcə yaxşılaşdırır. Ölkəmizdə gedən uğurlu demokratik proseslər, insan  hüquq və azadlıqlarının müdafiəsi, azad söz və müstəqil mətbuatın inkişafına yaradılan şərait, habelə seçkilərdə şəffaflığın təmin olunması beynəlxalq aləmin diqqətindən yayınmır.  Azərbaycan üzv olduğu beynəlxalq qurumlarla  əlaqələrin inkişafına həmişə böyük önəm verib və bu gün də eyni mövqedə qalır. Məhz bu amillər beynəlxalq aləmin ölkəmizə olan marağını daha da artırır. Təbii ki, oxşar fikirləri qarşı tərəflərin hamısı haqqında demək mümkün deyil. Bunun da bir sıra səbəbləri var. Əsas səbəblərdən biri odur ki, Azərbaycan postsovet dövlətləri ilə müqayisədə sürətlə inkişaf edib, dünyada  yüksək tribuna qazanaraq, söz sahibinə çevrilib,  nüfuzlu beynəlxalq qurumların tədbirlərinə ev sahibliyi edib. Son illər respublikamızda keçirilən beynəlxalq səviyyəli tədbirlər də  Azərbaycanın  yüksək reytinq sahibi olmasından xəbər verir. Bütün bunlardan sonra  respublikamıza  qarşı qısqanclıq hisslərinin baş qaldırması, antiazərbaycan qüvvələrin təzyiq və təhdidləri başadüşüləndir. Ancaq dövlət başçımızın  məqsədyönlü  siyasi kursu bu hücumların qarşısını alır, ölkəmiz  inkişaf tempini saxlayır, demokratik proseslərə öz  dəyərli töhfələrini verməkdə davam edir.  
Bu gün Azərbaycan xarici siyasətində balanslı və tarazlaşdırılmış siyasət aparır. Sözsüz ki, Azərbaycanın xarici ölkələrlə münasibəti bərabərhüquqlu və qarşılıqlı maraqlar əsasında qurulub. Bütün beynəlxalq təşkilatlar Azərbaycanla qarşılıqlı əməkdaşlıq şəraitində işləyirlər. Azərbaycan heç bir təşkilatdan asılı deyil və üzərinə götürdüyü öhdəlikləri də milli maraqlarına uyğun olaraq yerinə yetirib. Müxtəlif maraqların toqquşduğu Cənubi Qafqaz regionunda balanslaşdırılmış xarici siyasət xətti yürüdən Azərbaycan bütün beynəlxalq və regional məsələlərə münasibətdə beynəlxalq norma və prinsiplərə əsaslanaraq ayrı-ayrı dövlətlər və təşkilatlarla bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əlaqələrə üstünlük verir.
Ölkəmiz  müstəqillik qazandıqdan  sonra sürətli  inkişaf yoluna  qədəm  qoymuş, bir sıra iqtisadi  və siyasi  uğurlara imza  atmışdır. Dövlət  başçısı cənab İlham Əliyevin siyasi səriştəsi və şəxsi nüfuzu  sayəsində artıq ölkəmizin beynəlxalq  arenada müsbət  imici formalaşmışdır. Bu gün bir  çox  qabaqcıl dünya  dövlətləri və mötəbər beynəlxalq təşkilatlar Azərbaycanı layiqli tərəfdaş olaraq  qəbul  edir. Lakin təəssüf ki, müasir dünyada Azərbaycan həqiqətlərini görmək  istəməyən, ikili standartlara xidmət edən və antiazərbaycan siyasət  yürüdən təşkilatlar da mövcuddur. Daim Azərbaycana qərəzli mövqedən  yanaşan Avropa Şurası belə  təşkilatlardandır. Bu  barədə  ölkə  başçısı  cənab İlham   Əliyevin apardığı  təhlillər, söylədiyi fikirlər olduqca əhəmiyyətlidir:    “Mən deyəndə ki, Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün bir kağız parçasından artıq deyil, bunu nəzərdə tuturdum. Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır”.
Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışındakı   çıxışında Avropa Şurası ilə münasibətləri xarakterizə edərək, bütün bu ittihamları artıqlaması ilə onların özlərinə qaytardıqlarını, indi bu dünyada bəzi ölkələrdə nələr baş verməsi ilə bağlı Avropa Şurasından  bəyanat vermələrini gözlədiklərini qeyd etdi. Azərbaycan və Ermənistanın eyni tarixlərdə Avropa Şurasına üzv olduqlarını və bərabər bir sıra öhdəliklər götürdüklərini vurğulayan Prezident İlham Əliyev, Ermənistandan fərqli olaraq Azərbaycanın götürdüyü öhdəliklər sadiq qalmasına baxmayaraq, bu iki ölkəyə münasibətdə AŞ-nın ikili standartlarda siyasət həyata keçirdiyini xatırladıb: Azərbaycan 2001-ci il yanvarın 17-də Avropa Şurasına eyni gündə üzvlüyə qəbul olunan zaman Azərbaycan və Ermənistan Avropa Şurası qarşısında bir sıra öhdəliklər götürmüşlər. Həmin öhdəliklərin biri də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdir. Xüsusilə vurğulanmalıdır ki, həmin öhdəliklərin monitorinqini Avropa Şurası həyata keçirir. Deməli, münaqişə məsələsinə dair fikir bildirmək elə həmməruzəçilərin birbaşa mandatına daxildir. AŞ-dan fərqli olaraq, Azərbaycan hər zaman Avropa Şurası qarşısında öhdəliklərinə sadiq almışdır.    
    AŞPA-Azərbaycan münasibətlərinə toxunan Prezident İlham Əliyev son vaxtlar Avropa Şurasının Parlament Assambleyasının Azərbaycana qarşı nifrət aşıladığını deyib və təbii ki, mahiyyət etibarilə azərbaycanafobiyanı özündə ehtiva edən mövqeyi diqqətindən yayınmayıb:
Prezident İlham Əliyev qeyd edib ki, heç kəsə sirr deyildir ki, son vaxtlar Avropa Şurası Parlament Assambleyası tamamilə nüfuzdan düşən bir quruma çevrilib, AŞPA məhz Azərbaycanın hesabına özünə reytinq yığmağa çalışır və heç kəsə sirr deyil ki, AŞPA-da son illər aparılan müzakirələr ədalətli deyil, demokratik dəyərlər və insan haqları kobud şəkildə pozulur, sönük keçir. AŞPA-nın 324 əsas üzvü olsa da, müzakirələr zamanı əksər hallarda ümumi sayın 1/3 və ya daha aşağı hissəsi plenar iclaslarda iştirak edir. Məsələn, AŞPA-nın bu ilin yanvarın sonlarında keçirilən qış sessiyasında Assambleyanın monitorinq proseduru ilə bağlı tərəqqi hesabatının səsverməsində 69 deputat, son vaxtlar AŞ-nin əsas müzakirə mövzularından biri olan yeni komplementar prosedurla bağlı qətnamənin səsverməsində isə 163 deputat iştirak edib. AŞPA ikili standartların ən geniş vüsət aldığı regional platformadır və təəssüf ki, Azərbaycan bu yanaşmanın əsas hədəflərindən biri olmaqda hələ də davam edir. Təxminən 20 ildir ki, siyasi sifariş icra edən bir sıra şəxslər AŞPA tribunasından ölkəmizə qarşı əsassız tənqidlər və böhtan səsləndirmək üçün istifadə etməyə cəhd edirlər.    
    Bu gün biz dünyanın demokratiyanın beşiyi sayılan ölkələrində məşhur filmləri xatırladan polis qəddarlığının, zorakılığının, insanların polis tərəfindən döyülməsinin, təhqir edilməsinin, insanların üstünə itlər göndərilməsinin, atlarla əzilməsinin şahidi oluruq. Lakin Azərbaycanda kiçik bir çırtmaya dərhal reaksiya verən AŞ və Qərbin bəzi dairələri bu kimi hallara göz yumur və səsini belə çıxarmağa cəsarət etmir. ABŞ-ın Minneapolis şəhərində “Nəfəs ala bilmirəm” deyə inildəyən silahsız qaradərili Corc Floydun ölümü ilə əlaqədar kütləvi iğtişaşlar səngimək bilmir. Heç kimə sirr deyildir ki, ABŞ-da qaradərililərə qarşı sistematik hal almış ayrı-seçkilik mövcuddur. Mayın 26-dan başlamış iğtişaşlar zamanı 11 mindən çox insan həbs olunmuş, 16-dan çox insan həyatını itirmişdir. Hadisələr zamanı internetdə jurnalistlərin xəsarət alması ilə bağlı da kifayət qədər materiallar mövcuddur. Aksiyalar zamanı biz habelə lüzumsuz yerə hədsiz dərəcədə güc tətbiqinin də şahidi olduq. Lakin ölkəmizi tənqid etməyə vərdiş eləmiş qüvvələr nədənsə həmin hadisələri görməzdən gəlirlər.    
AŞPA və ATƏT-in müvafiq strukturları heç cür azərbaycanafobiya halını almış Azərbaycana qarşı antipatiyasını gizlədə bilmir. Bunun əsas səbəblərindən biri yəqin ki hazırda Qərbdə sürətlə vüsət alan islamofobiyadır. Görünür AŞPA-da bəziləri bu qurumu sırf “xristian klubu” kimi görmək istəyindədirlər. “Beyin iflici” keçirən Qərbin özünün məhsulu olan Suriya və Liviyadakı vəziyyətdən sonra yaranmış miqrasiya problemi zamanı islamofobiyanı aydın şəkildə sezmək mümkündür. Azərbaycana qarşı AŞPA-da antipatiyanın daha da güclənməsinin səbəblərindən biri şübhəsiz ki 2013-cü ildə Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı qondarma hesabatının səsvermə ilə rədd edilməsi dayanır. Bu məğlubiyyətdən sonra anti-Azərbaycan qüvvələri daha da quduzlaşdılar. Revanş hissi ilə yaşayan həmin qüvvələr ilk növbədə ölkəmizdə keçirilən mühüm tədbirlər ərəfəsində və zamanı Azərbaycanı qaralamağa başladılar. Bunun kampaniya olduğu və kimlərsə tərəfindən idarə edildiyi aydın şəkildə dərhal sezilirdi. Ölkəmizə qarşı ciddi nəsə edə bilməyən qüvvələr mifik “Azərbaycan landromatı” söhbətini ortaya atdılar. Bir anlıq təsəvvür edək ki, guya bu iddialar doğrudur. Onda belə çıxır ki, AŞPA-da olan deputatlar, siyasətçilər pula satılmış prinsipsiz və əqidəsiz tülüngülərdir. Bəs onda bu satılmış siyasətçi və deputatlar hansı əsasla insan hüquqları və dəyərlərdən danışırlar?!
AŞPA-nın Azərbaycanda keçirilmiş parlament seçkilərinə münasibəti qəbuledilməz idi. Bütün seçki prosesini, atılan addımları, tərəqqini kənara qoyaraq diqqəti bir neçə nəfərin üzərinə cəmləmək və Azərbaycana qarşı iftiralar atmaq sırf qərəzdən xəbər verir. Bu mənada, 2020-ci il yanvarın 30-da AŞPA-da Azərbaycanla bağlı qəbul edilmiş qətnamənin məzmunu bir yana, vaxtı da suallar doğurdu. AŞPA-nın seçkiyə az qalmış belə bir destruktiv addım atması onun sadəcə siyasi cəhətdən yetişməməsinin bariz nümunəsidir. Sual olunur. AŞPA Azərbaycanı məgər bu qədər çox sevir? AŞPA-nın bu qədər Azərbaycanı canı yanır? Əgər belədirsə, AŞPA nə üçün Azərbaycan ərazilərinin işğal olunması nəticəsində məcburi köçkünə çevrilmiş yüzminlərlə azərbaycanlının taleyinə biganə qalır. AŞPA-da 2005-ci ildə qəbul edilmiş "ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə" adlı 1416 (2005) saylı qətnamə çox yüksək əhəmiyyətə malik sənəddir. Bu sənəddən irəli gələrək, yaradılmılş Dağlıq Qarabağ münaqişəsi üzrə alt-komitə Ermənistan nümayəndə heyətinin qeyri-konstruktiv yanaşması ilə fəaliyyətini dayandırmışdır. Bu xüsusda, AŞPA tərəfindən qeyd edilən qətnamənin icrası istiqamətində qətiyyətin və Ermənistanın sərgilədiyi bu mövqeyə görə sərt qınanmasının şahidi olmamışıq. Azərbaycanda məişət zəminində baş vermiş ürək getməsinə belə reaksiya verən AŞPA nəyə görə öz qərarına Ermənistan tərəfindən məhəl qoyulmamasına reaksiya vermir. AŞPA azərbaycanlıları sevirsə, niyə indiyədək hazırda Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin pozulmuş hüquqlarının bərpası ilə bağlı kiçik də olsa bir fikir səsləndirmirlər. Axı onlar da insandırlar və onların işgəncə altında da saxlanıldığı heç kimi sirr deyil. AŞPA-dakı Ermənistan nümayəndə heyətinin üzvləri zaman-zaman Azərbaycana qarşı nifrət dolu çıxışlar edir, ölkəmizi tamamilə qəbulolunmaz formada ittiham edirlər. Məsələn, AŞPA-nın 2020-ci ilin yanvarında keçirilmiş qış sessiyasında Qaregin Njdeyə kimi əli günahsız insanların qanına batmış və faşistlərlə əməkdaşlıq etmiş Ermənistanın bir deputatı Azərbaycanı faşizm ilə əlaqələndirmişdir. Təəssüf ki, bu kimi hallarda AŞPA rəhbərliyi tərəfindən məsələyə adekvat reaksiya verilmir. AŞPA kimin tərəfindədir? Faşistlərlə əməkdaşlıq etmiş Qaregin Njdeni dövlət səviyyəsində qəhrəmanlaşdıran Ermənistanın, yoxsa mədəniyyətlərarası və dinlərarası dialoqu özünün xarici siyasətinin əsas prioritetlərindən birinə çevirmiş Azərbaycanın?! Utanmasan, oynamağa nə var ki? Gör kim kimə faşist deyir? Sanki qədim Azərbaycan şəhərini həyasızcasına özününküləşdirmiş İrəvan şəhərində faşistə abidəni də Azərbaycan qoyub. AŞPA-da bəziləri Ermənistan, erməni lobbisi və islamofobların apardıqları qatı anti-Azərbaycan kampaniyası ilə ölkəmizi öz yolundan döndərmək mümkünsüzdür. Azərbaycanda siyasi məhbuslarla bağlı qəbul edilmiş son qətnamə heç bir əhəmiyyət kəsb etmir və bu qətnamənin Azərbaycan üçün dəyəri bir kağız parçasından artıq deyil. Azərbaycan orada səslənən uydurma ittihamların heç birini biz qəbul etmir. Azərbaycanla hədə, şantaj dilində danışmaq olmaz. Azərbaycan AŞPA-nın qərəzli qətnamələrinin heç birini icra etməyəcəkdir. AŞPA isə bundan sonra da Azərbaycanla bütün körpüləri yandırmaq siyasətini davam etdirmək istəyirsə, bu onun öz seçimidir.
Avropa Şurası Parlament Assambleyasında üçüncü tərəflərin, o cümlədən Ermənistan və erməni lobbisinin təsiri və manipulyasiyası əsasında açıq antiazərbaycan siyasət yürüdən bəlli qruplar Azərbaycanı uğurlu inkişaf yolundan döndərmək kimi çirkin niyyətlərinə heç zaman nail ola bilməyəcəklər. Azərbaycan suveren, demokratik və özünü təmin edən dövlət olaraq vətəndaşlarının mənafeyi və maraqları naminə müstəqil daxili və xarici siyasətini davam etdirəcək. 

2.Şərq tərəfdaşlıq proqramında Azərbaycanin iştirak etməsi nə qədər düzgündür?
Avrotlantik məkana inteqrasiya ilə bağlı fəal siyasət yürüdən Azərbaycanın bu istiqamətdə atdığı addımlar Qərbdə geniş təqdir olunmaqdadır. Bu gün Azərbaycanın milli maraqları çərçivəsində atdığı addımlar onun ümumilikdə Avrotlantik məkana, buraya daxil olan dövlətlərlə qarşılıqlı əlaqələrini möhkəmləndirməkdədir. "Şərq tərəfdaşlığı" proqramı Azərbaycanın Avropaya inteqrasiyasında mühüm rol oynamaqla yanaşı, ölkəmizə iqtisadi, siyasi sferada da mühüm üstünlüklər vəd edir.     
Ümumiyyətlə, bildiyimiz kimi "Şərq tərəfdaşlığı" proqramı Avropa İttifaqının son illərdə Şərq qonşuları ilə inkişaf etdirdiyi əlaqələrinin dərinləşməsinə xidmət edir. Şərq tərəfdaşlığı proqramı Avropa Birliyinin keçmiş SSRİ ölkələri ilə münasibətlərini müsbətə doğru inkişaf etdirmək üçün atdığı addımdır. Proqramda tərəflər arasında əlaqələr (məsələn, Assosiasiya Sazişləri, Dərin Azad Ticarət Məkanları, vizaların liberallaşdırılması) aydın təsvir edilir və iqtisadi tənəzzülə qarşı mübarizə aparmaq üçün əməkdaşlıq sahəsini yenidən diqqət mərkəzinə çevirməklə ona çoxtərəfli istiqamət verir. Bununla yanaşı, proqrama əsasən, Avropa İttifaqı tərəfdaş ölkələrdə aparılan islahat və müasirləşdirmə prosesini dəstəkləmək və tərəfdaşların müstəqilliyi və onların sabitliyinə töhfə vermək üçün qonşularına sərmayə qoymağı öz üzərinə götürür. Elə buna görə də "Şərq tərəfdaşlığı" proqramına daxil edilən ölkələrə, o cümlədən Azərbaycana xeyli üstünlüklər vəd edilir.  Çünki Azərbaycan Avropa üçün maraqlı tərəfdaşdır. Ona görə də ölkəmiz daim onların diqqət mərkəzində olub. Avropa Birliyi GUAM ölkələri, Ermənistan və Belorusun daxil olduğu Şərq Tərəfdaşlığı proqramı çərçivəsində bir neçə sahədə əməkdaşlıq yaratmaq istəyir və bu ölkələrin Avropaya inteqrasiya prosesinin sürətlənməsinə çalışır. Layihə siyasi, iqtisadi, enerji sahəsi və təhsil əməkdaşlığını əhatə edir.
    Xatırlatma üçün demək olar ki, Şərq Tərəfdaşlığının 10 illiyi ilə əlaqədar cənab Prezidentin Brüsseldə sammitdə iştirak etməsi və nümayəndə heyətinin orada göstərdiyi mövqe bütün ictimaiyyətimiz tərəfindən yüksək qiymətləndirildi. Sammitdə əsas məqsəd Azərbaycanın ərazi bütövlüyü məsələsini gündəmə gətirmək və mövqeyimizi qorumaq idi ki, bu da cənab Prezident  İlham Əliyevin rəhbərliyi ilə həyata keçirildi. Azərbaycan prezidenti İlham Əliyevin Belçikaya səfəri bir neçə mühüm görüşlə yadda qaldı. Ölkə başçısı Brüsselə səfəri zamanı Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk, Belçikalıların Kralı Əlahəzrət Filip ilə görüşüb. Demək olar ki, bütün görüşlərdə cənab Prezident İlham Əliyev Avropa Birliyi ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib. Prezidentin orada keçirdiyi görüşlər Azərbaycanla Avropa Birliyi arasında tərəfdaşlığın möhkəmlənməsi baxımdan mühüm əhəmiyyət kəsb edir. Görüşlərdə bir sıra sahələr üzrə əməkdaşlıq prioritetləri təkrar müzakirə olundu, milli maraqlarımızın təmin olunması, torpaqlarımızın işğaldan azad olunması istiqamətində danışıqlar aparıldı. Yuxarıda sadalananları nəzərə alsaq deyə bilərik ki, Azərbaycanın Avropa Birliyini çərçivəsində əlaqələri uğurla inkişaf edir, Azərbaycan Avropa Birliyi ilə qarşılıqlı maraqlara cavab verən formatda əməkdaşlıq etmək niyyətindədir. Çox güman ki,  yaxın vaxtlarda tərəflər arasında əməkdaşlığın qurulması üçün real addımların şahidi olacağıq. 

3.COVİD-19 pandemiyası Azərbaycan iqdisadiyatında ən çox hansı sahələrə öz mənfi təsirin göstərib?
Aylardır dünyanı başına götürən yeni növ koronavirus infeksiyası (COVID-19) bütün dövlətləri əhatə etməklə şərqdən başlasa da, inkişaf etmiş Avropa və ABŞ-da çox ciddi fəsadlara yol açması son ayların reallığıdır.
Azərbaycan da sivil dünyaya açıq dövlətdir, iqtisadiyyamızın qlobal iqtisadi sferaya inteqrasiya şəraitində inkişaf edir. Bu baxımdan fevralın sonunda artıq xeyli dövlətə ayaq basmış koronavirusun respublikamızda da qeydə alınması təəccüblü sayılmadı. Lakin əsas odur ki, Azərbaycan dövləti möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti nəticəsində ilk gündən koronavirusla mübarizənin ən effektiv nümunəsin ortaya qoydu. Profilaktik və təxirəsalınmaz qərarların həyata keçirilməsi üçün Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarından ibarət Operativ Qərargah yaradılmasından tutmuş, sosial və məhdudlaşdırıcı izoliyasiya tədbirlərinin həyata keçirilməsi, karantin rejiminin və hərəkət məhdudiyyətinin tətbiq olunması kimi qərarlar Azərbaycan dövlətinin ilk gündən koronavirusla mübarizəyə olduqca diqqətli yanaşmasının, zamanında operativ və təxirəsalınmaz addaımar atmasının göstəriciləri kimi tarixə düşdü. 
Xatırladım ki, problemə laqeyd yanaşılmasının acı nəticələri bir sıra Avropa ölkələrində bu günə kimi də özünü göstərməkdədir. Dünya ölkələrində olduğu kimi bu gün ölkəmizdə də bu virusun daha geniş coğrafiyada yayılmaması üçün qabaqlayıcı tədbirlərin görülməsi təbii ki, turizm, ticarət, ictimai iaşə kimi sahələrdə müəyyən iqtisadi itkilərin yaranmasına gətirib çıxara bilər. Lakin Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq koronavirus pandemiyasının əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər öz nəticələrini verir.
Koronavirus pandemiyası aydın məsələdir ki, dünya iqtisadiyyatı üçün böyük problemdir. Lakin bu məsələdə də ölkəmiz müsbət mənada fərqlənir. Hazırkı vəziyyətdə ölkə başçısı tərəfindən atılan addımlara və həyata keçirilən layihələrə dəstək məqsədi ilə Milli Məclisdə onlayn iclaslar keçirilir. Pandemiyadan sonrakı dövrdə iqtisadi aktivliyi artırmaq və iqtisadi münasibətlərdə mövcud fəaliyyət mexanizmləri ilə yanaşı yeni hədəflərin müəyyənləşdirilməsi bu gün başlıca vəzifələrimizdəndir. 


Yenizaman.AZ

.