Azərbaycanın əməkdar artisti Abbas Bağırov "Bank of Azerbaijan” tərəfindən məhkəməyə verilib. Bu barədə məlumatı "Qafqazinfo” saytı yayıb.
Məlumata görə, A.Bağırov xeyli müddətdir ki, "Bank of Azerbaijan”dan böyük məbləğdə kredit götürüb. 2008-ci ilə təsadüf edən kredit rəsmiləşdirməsi sonradan problemli məsələyə çevrilib. Belə ki, üstündən 6 ilə yaxın vaxt keçməsinə baxmayaraq A.Bağırov bankdan götürdüyü 140 min manatı qaytarmayıb. Bu səbəbdən də bank müğənnini məhkəməyə verərək 140 min manatı geri tələb edir.
2011-ci ildə keçirilmiş məhkəmə araşdırmaları zamanı A.Bağırovun adına olan kreditinin şübhəli girov sənədləri əsasında rəsmiləşdirildiyi aşkar olunub. Məlum olub ki, kreditin əvəzində banka girov kimi qoyulmuş obyektin müğənniyə heç bir aidiyyatı yoxdur. Sonradan müğənni girov kimi banka özünəməxsus səsyazma studiyasını qoyub. Beləliklə, məhkəmə vəsaitin ödənilməsilə bağlı qətnamə çıxarıb və cavabdehə daha bir müddət vaxt verilib.
Lakin A.Bağırov bundan sonra da banka vəsait ödəməyib və beləliklə, onun adına olan 140 min manatlıq kredit faiz artımları ilə birgə iki dəfədən çox artıb. Məlumata görə, sonuncu məhkəmə prosesi 2014-cü ilin yanvar ayına təyin olunsa da A.Bağırov məhkəməyə gəlmədiyindən işin baxılması təxirə salınıb.
A.Bağırov Gəncə şəhərində qeydiyyatda olduğundan onun problemli krediti üzrə işə Gəncə İnzibati İqtisad Məhkəməsində baxılır. Müğənniyə qarşı məhkəmə davasını isə "Bank of Azərbaijan”ın baş ofisi açıb.
Maraqlıdır ki, kreditin verilməsindən 6 ilə yaxın vaxt keçməsinə və cavabdehin bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmasına baxmayaraq onun hazırda banka qoyulmuş girovuna toxunulmayıb. Halbuki, başqa hallarda cavabdehin gecikdirdiyi kreditə görə girovu qısa müddət ərzində bank tərəfindən müsadirə olunur. "Bank of Azerbaijan”ın nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu bildirilir. Bank idarəçiliyini nazirin oğlu Anar Məmmədovun həyata keçirdiyi deyilir. Bu baxımdan "Azadlıq” Anar Məmmədovun rəhbəri olduğu "Qarant Holding”lə əlaqə saxlayıb. Holdingin hüquqşünası Ruslan Məmmədov qəzetimizə bildirdi ki, "Bank of Azerbaijan” vaxtilə "Qarant Holding”ə daxil olub. Müğənni Abbas Bağırova qarşı bankın məhkəmə iddiası olub: "Lakin sonradan bu iddia geri götürülüb. Hazırda "Bank of Azerbaijan” "Qarant Holding”ə daxil deyil. Bankın səhmləri iş adamı Hafiz Məmmədov tərəfindən alınıb. Beləliklə artıq bu məsələnin Anar Məmmədova aidiyyatl yoxdur”.
"Bank of Azerbaijan”ın rəsmi internet səhifəsində də səhmdarlar aşağıdakı kimi göstərilib:
Məmmədov Kənan Hafiz oğlu 21,817.500 AZN (43.63%) Məmmədov Sənan Hafiz oğlu 21,817.500 AZN (43.63%) Məmmədov Mübariz Məcid oğlu 6,030.000 AZN(12.07%)
NEM Holdinq 335.000 AZN(0.67%) Bankın Müşahidə Şurasının sədri də elə Hafiz Məmmədovdur.
Kənan və Sənan Məmmədovlar Hafiz Məmmədovun oğlu, Mübariz Məmmədov isə iş adamınln qardaşıdır.
"Bank of Azerbaijan”ın Müşahidə Şurasının sədri də Hafiz Məmmədovdur.
"Azadlıq” bankla da əlaqə saxlayıb. Bankın İdarə Heyəti sədrinin vəzifələrini icra edən Məhəmmədəli Aslanov qəzetimizə bildirib ki, məsələni araşdırdıqdan sonra cavab verəcək.
"Qafqazinfo” isə Abbas Bağırovla danışıb. Müğənni məlumatların həqiqətə uyğun olmadığını bildirib. Daha sonra müğənni bankla arasında hansısa prosesin yaşandığını etiraf etsə də, "Bank of Azərbaijan”a borclu olmadığını iddia edib:
"Bank of Azərbaijan”dan mənə zəng etmişdilər, dolaşıq düşən məsələlər var. Mənim maşınım kreditdədir, amma başqa bankda. Bu banka borcum yoxdur”.
.