Bu gün Nəsimi rayon Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədlinin ev dustaqlığına buraxılması ilə bağlı məhkəmə prosesi keçirilib. Lent.az-ın məlumatına görə, məhkəmə A.Məmmədliyə qarşı seçilmiş həbs qəti-imkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi barədə vəsatəti təmin etməyərək, onu həbsdə saxlayıb.
Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsi A. Məmmədlinin barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Apellyasiya şikayəti həmin qərardan verilib.
Baş Prokurorluğun mətbuat xidmətinin A. Məmmədli barədə yaydığı məlumata görə, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi və «Könüllülərin Beynəlxalq Əməkdaşlığı» ictimai birliyi adlı qurumların vəzifəli şəxslərinin qulluq səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda gəlir əldə etməklə və vergiləri ödəməkdən yayınmaqla qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına dair Vergilər və Maliyyə nazirliklərindən Baş Prokurorluğa daxil olmuş materiallar üzrə 29 oktyabr 2013-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2, 192.2.3, 213.2.1, 213.2.2 və 308.2-ci maddələri ilə cinayət işi başlanıb.
İş üzrə çoxsaylı dindirmə, baxış, axtarış, götürmə və sair istintaq hərəkətləri yerinə yetirilib, zəruri ekspertizalar təyin edilməklə məhkəmənin müvafiq qərarı ilə qeyd edilən qurumlarda mühasibat uçotunun mövcud qanunvericiliyin tələblərinə uyğun aparılıb-aparılmamasının, vergi qanunvericiliyinin tələblərinə riayət edilib-edilməməsinin, sair daxil olmaların təyinatının qanuniliyinin müəyyənləşdirilməsi məqsədilə həmin nazirliklərin və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mütəxəssisləri cəlb edilməklə yoxlama təşkil edilib.
İbtidai istintaqın ilkin mərhələsində və yoxlamanın aralıq aktına əsasən toplanan sübutlar şübhələnməyə əsas verir ki, hüquqi qeydiyyatı olmayan «Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi»nin həmtəsisçisi və sədri Məmmədli Anar Asəf oğlu 2013-cü ilin may ayından etibarən rəhbərlik etdiyi qurumun icraçı direktoru Süleymanlı Bəşir Süleyman oğlu ilə birlikdə Amerika Birləşmiş Ştatlarının Milli Demokratiya İnstitutu tərəfindən ayrılmış 276010 ABŞ dolları məbləğində qrant müqaviləsini dövlət qeydiyyatına alınmış «Könüllülərin Beynəlxalq Əməkdaşlığı» ictimai birliyinin adına rəsmiləşdirilməsi barədə qurumun rəhbəri Məmmədov Elnur Akif oğlu ilə razılıq əldə edib.
Bundan sonra, Bəşir Süleymanlının "Könüllülərin Beynəlxalq Əməkdaşlığı” ictimai birliyinin vitse-prezidenti vəzifəsinə təyin olunmaqla bank hesabına köçürülmüş 163250 ABŞ dolları onun vasitəsilə nağdlaşdırılıb götürülməsində, hüquqi şəxs statusu olmadığı halda «Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi»nə ictimai əlaqələr üzrə menecer, hüquqşünas, ekspert və digər vəzifələrə işçi qəbulu elan edib özlərinə, işçilərə, eləcə də layihəyə cəlb edilmiş digər şəxslərə həmin pul vəsaitindən əmək haqqı, xidmət və ofislərin icarə haqqı ödənilməsində, ümumilikdə 109529 manat məbləğində gəlir əldə olunmaqla Azərbaycan Respublikası Vergi Məcəlləsinin 219.1-ci maddəsinə əsasən dövlət büdcəsinə ödənməli olan 19535 manat məbləğində xeyli miqdarda əlavə dəyər vergisi dövlət büdcəsinə ödənilməməsində, həmçinin Elnur Məmmədovun "Könüllülərin Beynəlxalq Əməkdaşlığı” ictimai birliyinin rəhbəri kimi idarəetmə orqanlarının formalaşdırılması, hüquqi şəxslərin reyestrinə daxil edilməsi üçün hüquq verən rəsmi sənəd olan təsisçilərin ümumi yığıncağının qərarlarına yalan məlumatlar daxil edərək təsisçilərin imzalarını saxtalaşdırmasında əsaslı şübhələr mövcuddur.
Anar Məmmədli və Bəşir Süleymanlının Cinayət Məcəlləsinin 192.2.2, 213.1 və 308.2, Elnur Məmmədovun isə həmin məcəllənin 192.2.2, 213.1, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan əməlləri törətmələrində əsaslı şübhələr olduğundan təqsirləndirilən şəxs qismində cəlb edilərək Bəşir Süleymanlı və Elnur Məmmədov barəsində başqa yerə getməmək haqqında iltizam, Anar Məmmədli barəsində isə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi üzrə istintaq davam etdirilir.
***
Dekabrın 25-də saat 11:00-da Nəsimi Rayon Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə baxılacaq. Bu barədə Turan-a vəkil Elçin Sadıqov bildirib.
Hakim Rəşid Səmədovdur.
Anar Məmmədlinin barəsində dekabrın 16-da 3 ay həbs qətimkan tədbiri seçilib. O, vergi ödənişindən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıqda ittiham edilir. A.Məmmədli ittihamları təkzib edir. Cinayət işini siyasi və təşkilatının 9 oktyabr prezident seçkilərini monitorinqi və seçkilərlə bağlı qiymətləndirmələrlə bağlı olduğunu hesab edir.
Dekabrın 23-də Bakı Apellyasiya Məhkəməsi A. Məmmədlinin üç ay müddətinə həbs qətimkan tədbirini qüvvədə saxlayıb.
Amnesty İnternational Anar Məmmədlini "vicdan məhbusu” kimi tanıyıb. Çoxsaylı beynəlxalq və yerli hüquq- müdafiə təşkilatları A.Məmmədlinin dərhal azadlığa buraxılması tələbi ilə bəyanatlarla çıxış edib.
Dekabrın 24-də Amerika Dövlət Departanmenti A. Məmmədlinin dərhal azadlığa buraxılması barədə bəyanat yayıb. "Biz Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) sədri Anar Məmmədlinin həbsindən dərin narahatlıq keçiririk. Biz hüquqi proses davam edərkən cənab Məmmədlinin dərhal azad edilməsinə çağırırıq. Biz bu məsələni Azərbaycan hökumətinin yüksək rütbəli rəsmiləri qarşısında qaldırmışıq və qaldırmaqda davam edəcəyik. Biz SMDTM-nin və Azərbaycan Könüllülər İctimai Birliyinin üzərində aparılan təhqiqatı yaxından izləməkdə davam edirik”,- sənəddə qeyd olunur.
.
