“Ermənistanın mühakimə olunmasını və təzminat ödəməsini istəyirik”.

Bunu mədəniyyət naziri Anar Kərimov Anadolu Agentliyinə müsahibəsində deyib.

Nazir Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi dağıntıları beynəlxalq məhkəmələrə çatdırmaq üçün işlər getdiyini bildirib: “Müstəqil şirkətlərlə işləyirik. Həmin şirkətlər işğaldan azad etdiyimiz bölgələrdə Ermənistanın törətdiyi dağıntıların qiymətləndirilməsi üçün çalışır. Bütün məlumatlar toplandıqdan sonra beynəlxalq məhkəmələrə təqdim ediləcək. Biz Ermənistanın dövlət olaraq bu məsələdə mühakimə olunmasını və təzminat ödəməsini istəyirik. Azərbaycan dövlətinə, xalqına, tarixinə, mədəniyyətinə və təbiətinə qarşı törətdiyi cinayətlərə görə Ermənistan məsuliyyət daşımalıdır”.

Ermənistan işğal dövründə Qarabağ və ətraf ərazilərdə tarixi və mədəni abidələrin 95%-ni dağıdıb

“Ermənistanın işğalı dövründə Qarabağ və ətraf ərazilərdə azərbaycanlılara aid tarixi və mədəni abidələrin 95%-i dağıdılıb”.

Bunu mədəniyyət naziri Anar Kərimov Anadolu Agentliyinə müsahibəsində deyib.

Nazir bildirib ki, işğal dönəmində bölgədəki resurslar, tarixi və mədəniyyət abidələri, hətta qəbiristanlıqlar böyük dağıntılara məruz qalıb: “Bu müharibə cinayəti və insanlıq əleyhinə cinayətdir. Ermənistanın Azərbaycana qarşı “etnik təmizləmə” siyasəti ilə yanaşı, mədəni təmizləmə siyasəti də 30 il davam edib. Onların məqsədləri bəlli idi. Onlar yüz illərdir orada yaşayan azərbaycanlıların izlərini silmək istəyirdilər. Bunu Azərbaycana aid tarixi və mədəniyyət abidələrini sistemli şəkildə dağıdaraq edirdilər. İşğal altında olan ərazilərdə qeydiyyata alınmış 706 tarixi və mədəni abidə olub. İşğal dövründə bu abidələrin 95%-i dağıdılıb”.

A. Kərimov ermənilərin məscidlərə qarşı münasibətinə də toxunub: “Yaşayış yerlərini dağıtsalar da, bəzi məscidləri saxlayıblar. Orada donuz saxlayıblar. Bunu Azərbaycan xalqının dini inancını təhqir etmək məqsədli şəkildə ediblər. Biz bunu, sadəcə, Azərbaycana qarşı deyil, bütövlükdə İslam dünyasına edilmiş təhqir kimi görürük”.

Nazir: “Torpaqlarımız işğaldan azad ediləndən sonra ikili standartlar daha çox ortaya çıxdı”

“Ermənistanın Azərbaycan ərazisində həyata keçirdiyi dağıntılar barədə beynəlxalq qurum və təşkilatlara məlumat vermişik”.

Bunu mədəniyyət naziri Anar Kərimov Anadolu Agentliyinə müsahibəsində deyib.

Nazir bildirib ki, bu məsələni UNESCO-da xüsusilə gündəmə gətiriblər: “Təəssüf ki, beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar bu məsələdə istədiyimiz reaksiyanı vermirdi. Torpaqlarımızı işğaldan azad etdikdən sonra ikili standartlar daha çox ortaya çıxdı. Bütün bunlar çərçivəsində xristian abidələrinə nisbətən İslama aid mədəniyyət abidələrinə daha az diqqət yetirildiyini də gördük. Çünki həmin beynəlxalq qurumlar torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağdakı xristian mədəni irsi ilə bağlı narahatlıqlarını dilə gətirdi. Sanki 30 il ərzində tarixi abidələrimizin dağıdılması onlara maraqlı deyildi. Bunu məyusluqla qarşıladıq. Bu ikili standartları Azərbaycan qəbul etmədi”.

Anar Kərimov: "Şuşada 3 məscid, 2 kilsəni bərpa edirik"

“Qarabağ Azərbaycanın ən gözəl bölgələrindən birinə çevriləcək”.

Bunu mədəniyyət naziri Anar Kərimov Anadolu Agentliyinə müsahibəsində deyib.

Nazir bildirib ki, Azərbaycan hökumətinin əsas vəzifəsi işğaldan azad ediləm bölgələri bərpa etmək və yenidən qurmaqdır: “Prezident İlham Əliyevin elan etdiyi “Böyük Qayıdış” proqramında da bu məsələ prioritetdir. Bu proqramda tarixi və mədəni abidələrin də bərpası böyük yer tutur. İnsanlarımızın, mədəniyyətimizin, Azərbaycan ruhu və kimliyinin o bölgəyə dönməsi üçün mərhələli plan tətbiq edirik. Mədəni abidələrin vəziyyətini araşdırmaq və inventarlaşma üçün bölgəyə mütəxəssislər göndərmişik. Bəzi bölgələrdə artıq bərpa işlərinə başlanılıb. Xüsusilə Prezident İlham Əliyev tərəfindən ölkənin mədəniyyət paytaxtı elan edilən Şuşada 3 məscid və 2 kilsəni bərpa edirik”.

A. Kərimov vurğulayıb ki, Azərbaycan tarixi və mədəni abidələri dağıtmayıb: “Biz onları, sadəcə, qorumuruq, eyni zamanda bərpa edirik. Məqsədimiz təkcə abidələri bərpa etmək deyil, o ruhu, ənənələri, dəyərləri geri qaytarmaq və bölgəni canlandırmaqdır. Bu məsələdə qərarlıyıq. Yaxın dönəmdə Qarabağ Azərbaycanın ən gözəl bölgələrindən birinə çevriləcək”.

.