"Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən erməniəsilli sakinləri təxliyə edən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinə məxsus mövqenin və müşayiət etdiyi mülki kolonun atəşə tutulması barədə yayılan məlumatlar yalandır və dezinformasiya xarakteri daşıyır.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Anar Eyvazov keçirilən brifinqdə deyib.
"Belə əsassız iddialara cavab olaraq bildirirəm ki, sülhməramlı kontingent ilə davamlı şəkildə operativ qaydada təmasdayıq və onların öz vəzifələrini icra etmələri üçün tərəfimizdən zəruri şərait yaradılır", - o qeyd edib.
Anar Eyvazov deyib ki, hazırda Silahlı Qüvvələrin lokal xarakterli antiterror tədbirləri davam etdirilir: "Mövcud şərait bölmələrimizin nəzarəti altındadır. İctimaiyyətə bundan sonra da mütəmadi olaraq əlavə məlumat veriləcək".
.