Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Etibar Nəsibov ifadə verib.

O, ifadəsində bildirib ki, Anar Əsədlini ilə dostluq münasibətləri olub: "2019-cu ilin noyabrın əvvəlləri atasının vəfat etdiyi vaxtlarda Anar Əsədli mənə zəng edib görüşmək istədiyini söylədi. Onunla görüşəndə xahiş etdi ki, bizi tanış edən ortaq dostumuzdan borca pul alım, qəbri düzəltmək üçün pul lazımdır. Bildirdi ki, 4 min dollar lazımdır. Həmin pulu özüm verdim. Uzun müddət ondan səs çıxmadı. Sonra Türkiyənin nəhəng şirkəti ilə işbirliyi quracağını deyərək məndən əlavə pul istədi. Min dollar da əlavə verdim. 2023-cü ildə Anar Əsədlinin həbsdə olanda qardaşı mənimlə görüşmək istədiyini dedi. Soruşdu ki, Anar məndən pulu niyə istəyib? Deyəndə məyus oldu, bildirdi ki, qəbri düzəltməyə pulları çatır. Bir müddət sonra Anar Əsədli 2 min dolları qaytardı. Daha sonra isə zənglərimə cavab verməməyə başladı. Mən də şikayətçi oldum. Hazırda mənə 3 min dollar borcu var".

Vəkilin suallarını cavablandıran zərərçəkən bildirib ki, Anar Əsədlinin öncəki vəkili pulu qaytarmağı təklif edib: "Onun vəkili mənimlə görüşüb dedi ki, Anar 3 min dolları verəcək, lakin bu, notarial qaydada təsdiqlənməlidir. Mən razılaşmadım. Bildirdim ki, borcu verəndə heç nə imzalamamışdım, indi niyə nəsə imzalayım ki? Vəkil dedi ki, pulu verəcək, mən də şikayətimi geri götürməliyəm. Razılaşmadım, dedim ki, Anar məndən üzr də istəməlidir. Əgər gətirib pulu burada verərsə, qəbul edərəm".

Anar Əsədli zərərçəkənin ifadəsini qismən təsdiqləyib: "Mən həqiqətəndə ondan 5 min dollar pul alıb, 2 min dollar qaytarmışam. Lakin danışdığı hekayə yalandır. Aramızda heç bir hörmətsizlik olmayıb. O mənə pul verdikdən sonra partiya quruculuğunda iştirak edib, qurultaya rəhbərlik edib. Şəkillərimiz də var".

Bu zaman Anar Əsədli ilə zərərçəkən arasında gərginlik yaranıb. Onlar bir-birinə təhqiramiz ifadələr deyiblər.

Hakim hər iki şəxsə xəbərdarlıq edib.

Etibar Nəsibov onu da deyib ki, borca verdiyi pul qaytarılsa da, şikayətini geri götürməyəcək.

Prosesin davamında şahidlərin ifadəsi elan olunub.

Daha sonra cinayət işində sənədlər tədqiq ediilib.

Növbəti proses mayın 15-nə təxirə salınıb.

Qeyd edək ki, Anar Əsədliyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 2023-cü ilin aprel ayında həbs qətimkan tədbiri seçilib. Sonradan məhkəmə Anar Əsədlini ev dustaqlığına buraxsa da, o, ilk baxış iclasında zərərçəkmiş tərəfin vəsatəti əsasında məhkəmə zalında həbs edilib.

Cinayət işində zərərçəkən qismində Oqtay Qasımov, İlham Hüseynli, Etibar Nəsibov və Tamara Allahverdiyeva tanınıb.

.