
Türkiyədən Hollandiyaya mühacirət etmiş 26 yaşlı Salih Yılmaz indi "İraq və Şam İslam Dövləti" (İŞİD) terrorçusudur.
Hollandiya ordusunda 2 il qulluq edəndən sonra İŞİD-ə qatılmaq üçün Suryiaya yollanmış Salih Yılmaz 3 dildə sərbəst bilir. O, az qala hər gün sosial şəbəkələrdə statuslar yazır, Samsung Note 3 telefonu ilə çəkdiyi keyfiyyətli fotoları paylaşırdı.
O, özünü "Ömər Yılmaz" kimi təqdim edirdi.
Yenizaman.az Spiegel-ə istinadən bildirir ki, Hollandiya mediasından sonra The Times, Le Monde və New York Times-da haqqında bəhs olunan terrorçu barədə Hollandiya telekanallarından biri reportaj hazırlamaq fikrinə düşür və Suriyanın Rəkka şəhərinə, İŞİD-in "paytaxt"ına çəkiliş qrupu yollayır.
Çəkiliş qrupundakı Sterlina da Ömər Yılmaza vurulur, onun evlənmək qərarını qəbul edir.
19 yaşlı Sterlina İslamı qəbul edir, adını dəyişərək Aişə olur və Yılmazla birlikdə Rəkkada yaşamağa başlayır.
Qızın anası, 49 yaşlı Monika isə Sterlinanın arxasından oktyabrda Türkiyəyə yollanıb, Suriyaya keçib, övladını axtarıb, amma tapa bilməyib.
O, Hollandiyaya qayıtmaq məcburiyyətində qalmışdı.
Qızından heç bir xəbər ala bilməyən anaya bu ayın əvvəlində Sterlinadan məktub çatıb. Sterlina "Ana, bura cəhənnəmdir, məni qurtar!" yazırdı.
Monika qızının yalvarışını qulaqardına vura bilməzdi.
O, dərhal yaşadığı Maastrixt polisinə üz tutur. Polisdən aldığı cavab isə belə olur: "Qızınızı xilas etmək üçün heç nə edə bilmərik. Ora çox təhlükəlidir. Üstəlik, qızınız Suriyaya öz xoşu ilə gedib. Suriyadakı terror təşkilatına yardım etmək isə Hollandiya qanunlarına görə, cinayətdir".
Naçar qalan ana çarşab alıb, Türkiyəyə yollanıb. Burada Türkiyə-Suriya sərhədini keçərək Rəkkaya gedib. Monika gəlişi barədə Facebook vasitəsilə qızına xəbər vermişdi.
Sterlinanın Rəkkadan qaçışı da ana-qızın Facebook yazışmalarında planlaşdırılmışdı.
Sterlina Suriyanı tərk edərək Türkiyə sərhədini keçir. Fəqət, onun pasportu Yılmazda olduğu üçün anası ilə vətənə, Hollandiyaya yollana bilməzdi.
Ana və qızına Hollandiya XİN-i yardım edib.
Monika və Sterlina indi Hollandiyadadırlar.
.