Öz ölkəni, ölkənin elm adamlarını, ictimai siyasi və mədəniyyət xadimlərini tərifləyib, göylərə qaldırmaq yaxşı şeydir.

Buna vətənpərvərlik deyirlər. Bunun təbliğatını aparmaq, dünyaya nailiyyətlərimizi çatdırmaq, vətənpərvərlikdən qaynaqlanır. Amma bir də var urra patriotluq. Bu nəinki vətənpərvərlik sözünün sinonimi deyil, əksinə vətənpərvərlik təbliğatına vurulan ən ağır zərbədir.

Xüsusilə bu zərbə adama uşaq vaxtı vurulursa. Yetişməkdə olan gənc nəsli real faktlar deyil, urra-patriotluğa əsaslanan ifadələrlə böyütmək gələcək üçün savad baxımından çox axsayan bir nəslin yetişməsi deməkdir.

Məktəb dərsliklərində olan dəhşətli səhvlərdən çox yazılıb, dərsliklərdə olan problemlərdən çox danışılıb. Amma qarşılaşdığımız fakt heç bir çərçivəyə sığmır və hesab edirik ki, formalaşmaqda olan gənc nəslin belə bir informasiya ilə təmin edilməsi gələcəyimiz üçün heç bir yaxşı şey vəd etmir.

Belə ki, 8-ci sinif Orta əsr tarixi dərsliyində 34-cü paraqrafda "Amerika xalqları böyük coğrafi kəşflərin ərəfəsində” başlığı ilə yazıda Amerikanın kəşfi barəsində məlumatlarda müəlliflər bu işdə Azərbaycan elminin də rolunu qeyd etmək istəyiblər. Rus bölməsi üçün olan dərslikdən sitatı tərcümə ilə nəzərinizə çatdırırıq:

"İtaliyalı səyyah Ameriqo Vespuççi sübut etdi ki, Kolumbun kəşf etdiyi yeni ərazilər materikdir və ona görə də materikə onun adı verildi – Amerika. Amerikanın kəşfində Azərbaycan elminin də nailiyyətlərindən istifadə olunub. Birincisi – Amerikanın kəşfindən 200 il əvvəl dahi Azərbaycan alimi Nəsirəddin Tusi riyazi hesablamalarla bu materikin mövcudluğunu sübut edib. İkincisi – Kolumbun müəllimi olan Toskanelli Nəsirəddin Tusinin əsərləri ilə tanış idi və ondan çox şey öyrənmişdi. Sözsüz ki, Toskanelli öz şagirdi olan Kolumba Tusidən öyrəndiyi bilikləri öyrədib. Beləliklə, Amerikanın kəşfində Azərbaycan elmi böyük rol oynayıb”.

Belə bir məntiqə yalnız BərəkAllah demək qalır.

Yalnız fərziyyələr üzərində qurulan, elmi əsaslarla heç bir sübutu olmayan "əsərləri ilə tanış idi və sözsüz ki, şagirdinə də öyrədib” kimi ifadələrlə Azərbaycan məktəblilərinə dünyada heç kimin qəbul etməyəcəyi "bilikləri” öyrətməklə biz hara gedib çıxa bilərik? Təsəvvür edin ki, məktəbdə öyrədiləni şübhəsiz doqma kimi qəbul edən şagirdlər gələcəkdə bu informasiyanı əsas gətirib, digər ölkələrdən olan yaşıdları ilə Amerikanın kəşfi barədə diskussiya aparırlar. Onların nə dərəcədə gülünc vəziyyətə düşəcəyini ağlınıza gətirirsinizmi?

Ermənilərin hər şeyi özününküləşdirmə siyasətinə gülüb, onu tənqid edib, sonradan ona bənzər şeyləri tətbiq etməklə gələcəkdə özümüzə hansı nəsli yaradırıq?

Qeyd edək ki, Yaqub Mahmudovun redaktorluğu ilə bu paraqraf S.A. Ağayev tərəfindən yazılıb və dərsliyin 223-224 səhifələrindədir.

Gün.az


.